İdman 16:36 18.05.2023

Vaqif Cavadov: “O, hiss edirdi ki, yaş sözünü deyir, ona görə getdi”

"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda bir neçə gün öncə millidəki karyerasını bitirdiyini elan etdi. Futbolçunun sırf millimizdəki xidmətləri barədə fikirlər təbii ki, müxtəlifdir. Yığmada oynadığı müddətdə meydana çıxdığı 31 matçda 3 qolla yadda qalan Almeyda 2017-ci ildən Azərbaycan pasportunu daşıyır.

Millimizin sabiq futbolçusu Vaqif Cavadov da Almeydanın qərarına münasibətini bildirib. O, Qaynarinfo-ya açıqlamasında futbolçunun doğru qərar qəbul etdiyini söyləyib:

"Məncə də vaxtı idi. Çünki hiss edirdi ki, yaş öz sözünü deyir. "Qarabağ”da son oyunlarda oynayıb-oynamayacağı sual altındadır. Ümumilikdə götürəndə Azərbaycan futboluna, "Qarabağ”a fayda verib. Ən azından öz təcrübəsini, topla necə rəftar etmək lazım olduğunu göstərib. "Zirə”dən qayıdandan sonra tam başqa Almeyda gördük. Millidəki karyerasına gəlincə, ona qarşı heç nə deyə bilmərik. Çünki bu insan yığmada canını qoyub. Qərarına hörmətlə yanaşmalıyıq. Artıq gücünün çatmadığını açıq şəkildə etiraf edib. Normal qarşılamaq lazımdır”.

Cavadov Almeydanın "Qarabağ”a qayıdandan sonra yenidən dirçəldiyini vurğulayıb:

"O "Qarabağ”a qayıdandan sonra yenidən dirçəldi. Komandaya fayda verdi. Avroliqadakı oyunlarına da nəzər salsaq, çox yaxşı olduğunu deyə bilərik”.

Veteran hücumçu millidəki karyerasını bitirməli olan başqa futbolçuların da varlığına diqqət çəkib:

"Məncə, Filip Ozobiç də artıq milliyə lazım deyil. O, zədəsinə görə heç "Qarabağ”da da oynamır. Həm də ki, yaş öz sözünü deyir. Ozobiçin milliyə hansısa fayda verdiyini deyə bilmərəm. Amma Almeyda öz mövqeyində lazımlı oyunçu idi. Ozobiçin mövqeyində oynaya biləcək futbolçularımız çoxdur. Heç biri də pis deyil”.

Millimizə hansı dəyişikliklər lazım olması ilə bağlı sualı cavablandıran məşqçi bunları deyib:

"Komandanın baş məşqçisi var. Nəsə desək, sözümüzə qulaq asan olmayacaq. Amma ümumilikdə götürdükdə dəyişikliklər psixoloji cəhətdən lazımdır. 7-10 il əvvəl millidə ruh, intizam vardı. Futbolçular oynamağa can atırdı. Yığmada sıradan biri deyil, layiq olan futbolçular oynamlıdır. Hansı ki, o düşərgədə olduqlarına görə həzz almalıdırlar. Heyət açıqlananda öz adlarını axtarmalıdırlar. Berti Foqtsun, hətta Robert Prosineçkinin vaxtındakı kimi bir heyət qurulmalıdır. Məncə, bundan sonra hər şey qaydasında olacaq”.

Maraqlıdır, Almeyda hazırda fiziki cəhətdən necə görünür və "Qarabağ”dan da gedə bilərmi?

"Bu baş məşqçidən asılıdır. Məşqçi futbolçunu 50 yaşına qədər saxlaya və ya 19 yaşında göndərə bilər. Almeydanın hansı mövqedə olmasına da məşqçi qərar verə bilər. Fiziki cəhətdən nəzər salsaq, görərik ki, hazırda Almeyda oynayır və "Qarabağ”a uyğun futbolçudur”.

Səbuhi Həsənov