Dünya 10:55 26.07.2022

“Vaqner”in Ukraynaya artıq məhbusları apardığı üzə çıxdı - Üç ölü

İyulun əvvəlində "Vaqner" özəl hərbi şirkəti tərəfindən müharibəyə cəlb edilən Sankt-Peterburqdakı "Yablonevka" 7 saylı cəzaçəkmə müəssisəsindən (ÇM) olan üç məhkum həlak olub, ikisi yaralanıb və onlar Luqanskdakı xəstəxanalardan birindədir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə məhkumların qohumları ilə əlaqə saxlayan mənbələrə istinadən "Vajnıye istorii"nin məlumatında deyilir. 

Onların sözlərinə görə, tibbi sənədlərdə məhkumların əsl adları yox, təxəllüslər - ləqəblər və ya şərti adları var. "Yaralılar xəstəxanada həqiqi adlarla deyilsə, görünür, ölənlər də ləqəblə basdırılacaq. Söhbət mərhumun yaxınlarının pulu necə əldə etməsidir. Çünki İvan İvanovla qohumluğu sübuta yetirmək olarsa, o zaman hansısa "filankəs”lə qohumluğu necə sübut etmək olar? Çox güman ki, qohumlar bu insanların ölümü üçün pul görməyəcək ", - deyə vəkil Leonid Krikun "Vajnıye istori”yə izah edib.

Bundan əvvəl "Vajnıye istorii" nəşri Sankt-Peterburqdakı ÇM-7 "Yablonevka” və ÇM-6 "Obuxovo” məhbuslarının Rostov vilayətinə aparıldığını yazmışdı. "Vajnıye istori"yə görə, eyni koloniyaların məhbuslarına "Vaqner”in nümayəndələri Donbasa "könüllü" getməyi təklif ediblər. Sankt-Peterburqun İctimai Nəzarət Komissiyasının məlumatına görə, Federal Penitensiar Xidmətin yerli şöbəsi bu məlumatı şayiə adlandırıb.

Nizami Bağırov