Supervarlı şəxslər Yaxın Şərqi tərk etmək üçün özəl təyyarələrə 350 min dollara qədər ödəniş etməyə başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Bildirilir ki, ötən həftəsonu İranın raket və pilotsuz uçuş aparatlarının Əbu-Dabi, Dubay, Qətər və Bəhreynə zərbələr endirməsindən sonra varlı elita Fars körfəzindən təxliyə olunmaq üçün Səudiyyə Ərəbistanına üz tutur.
Nəşrin məlumatına görə, Yaxın Şərqdən təhlükəsiz çıxış yolu axtaranlar üçün əsas marşrut Ər-Riyaddır. Buna səbəb Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanının hələ də fəaliyyət göstərən azsaylı hava limanlarından biri olmasıdır.
Mənbələr jurnalistlərə bildiriblər ki, belə səfər kifayət qədər bahalıdır. Onların sözlərinə görə, özəl mühafizə şirkətləri insanları Dubaydan Ər-Riyada 10 saatlıq yolçuluq üçün yolsuzluq avtomobilləri parkı bron edir, daha sonra isə özəl təyyarələr icarəyə götürür.
"Semafor"un məlumatına əsasən, təxliyə olunanlar arasında qlobal maliyyə şirkətlərinin rəhbərləri, eləcə də Yaxın Şərqdə istirahətdə olan və ya ezamiyyətə gələn imkanlı şəxslər var.
Bölgədən təcili çıxışa tələbatın kəskin artması nəticəsində Ər-Riyaddan Avropaya özəl təyyarə ilə uçuşun qiyməti hazırda 350 min dollara çata bilər.
Nəşrdə qeyd olunur ki, İranın bu ölkədə liman və neft tankerinə zərbə endirməsindən sonra Oman üzərindən marşrutların bağlanması fonunda Səudiyyə Ərəbistanı hazırda Yaxın Şərqdən çıxış üçün ən təhlükəsiz ölkə sayılır. Bundan əlavə, Səudiyyə Ərəbistanında viza qaydaları yumşaldılıb ki, bu da bir çox ölkə vətəndaşlarına vizanı əvvəlcədən deyil, ölkəyə çatdıqdan sonra almağa imkan verir və ölkəni təxliyə marşrutu kimi cəlbedici edir.
Dubay "şəhər-kabus”a çevrilir
Daha əvvəl "CNN" reportajında adətən mövsümün ən qızğın vaxtında həyatla dolu olan Dubayın İran hücumlarının nəticələri səbəbindən demək olar ki, tanınmaz hala düşdüyünü bildirib. Şəhərdə magistral yollar boşalıb, hava nəqliyyatı isə dayanıb.
Jurnalistlərin sözlərinə görə, ticarət mərkəzlərindəki adi növbələr və Dubay Marinadakı səs-küylü yaxta gecələri əvəzinə şəhər qeyri-adi sükuta qərq olub. Məktəblər təcili olaraq distant təhsilə keçib, ailələr isə evlərini tərk etməməyə çalışırlar.
Bundan əlavə, supermarketlərdə məhsullara tələbatın kəskin artması səbəbindən növbələr yaranıb, çatdırılma xidmətləri isə ciddi gecikmələrlə işləyir.
Aydın
Şərhlər