Siyasət 13:17 05.05.2023

Vaşinqton danışıqları: Nəticə nə oldu?

"Proses dondurulmuş vəziyyətdə qalmaqda davam edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünü şərh edərkən deyib.

Onun fikrincə, tərəflər öz mövqelərində qalıblar:


 
"Ortada hər hansı bir razılıq sənədini görmürük. Texniki nöqteyi-nəzərdən nəsə baş verə bilər. Amma görünən odur ki, tərəflər öz mövqelərində qalıblar. İki ildir ki, hər hansı bir görüşdə tərəflərin razılığa gəldiyini deyirlər. İki ildir ki, danışıqlar gedir. Danışıqlar Brüsseldə, Vaşintonda, Moskvada olub. Prezidentlərin də Kişinyovda növbəti dəfə görüşəcəkləri gözlənilir. Ardınca da Brüssel və Moskvada görüşəcəkləri bildirilir. Amma hələlik tərəflərin razılığa gəlməsi istiqamətində hər hansı bir yeniliyin olduğunu görmürəm”. 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda keçirilən görüş heç bir sənəd imzalanmadan başa çatdı. Halbuki görüş ərəfəsində bir sıra ekspertlər prosesdə müəyyən irəliləyişlərin ola biləcəyinə ümid etdiklərini deyirdilər. 

Rüfət Sultan