Ağ Evin verdiyi məlumata görə, ABŞ Prezidenti Co Baydenin Çin Xalq Respublikasının sədri Si Szinpin ilə telefon danışığı olub. Zəng iki liderin martın 18-dəki söhbətindən və yüksək səviyyəli ABŞ və ÇXR rəsmiləri arasında bir sıra söhbətlərdən sonra baş tutub. Hər iki prezident ikitərəfli əlaqələr üçün vacib olan bir sıra məsələləri və digər regional və qlobal məsələləri müzakirə edib, öz komandalarına, xüsusən də iqlim dəyişikliyi və sağlamlığın təhlükəsizliyi məsələlərini diqqətdə saxlamağa davam etməyi tapşırıblar. Bayden Tayvanla bağlı Birləşmiş Ştatların siyasətinin dəyişmədiyini, status-kvonu dəyişdirmək və ya Tayvan boğazı boyunca sülh və sabitliyi pozmaq üçün birtərəfli səylərə qəti şəkildə qarşı olduğunu vurğulayıb.
Qeyd edək ki, son zamanlar ABŞ Rusiya ilə mübarizədə Çini öz tərəfinə çəkməyə çalışır. Bu istiqamətdə müxtəlif səylər,təhdidlər göstərilsə də, hələlik Pekini tam olaraq nə Rusiya, nə də ABŞ öz tərəfinə çəkə bilməyib. Çin Ukraynanın ərazi bütövlüyünü tanısa da, Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində olmadığını da bəyan edib. Bu fonda Vaşinqton Rusiya ilə bu və ya digər dərəcədə bağlı olan bir sıra iri Çin şirkətlərinə sanksiya tətbiq edib. Eyni zamanda, Pekin də mövcud vəziyyətdən yararlanaraq Tayvanla bağlı məsələni öz xeyrinə həll etməyə çalışır. Vaşinqtonla Pekin arasında gərginlik yaradan məqam isə əsasən məhz budur.
İki lider arasında telefon danışığını Qaynarionfo-ya şərh edən politoloq Elşən Mirzəoğlu Tayvan məsələsində Pekinin bir dövlət, iki fərqli status mövqeyindən geri çəkilməyəcəyini düşünür:
"Çinin rəhbəri Si Szinpin bu günlərdə verdiyi açıqlamada deyib ki, bəziləri tənbəl və tüfeyli olduqları, inqilabları ixrac etdikləri, ayrı-ayrı ölkələri, xalqları yoxsul görmək istədikləri halda Çinə dərs keçmək istəyirlər. Halbuki Çin bu mövqedən uzaqdır və heç bir ölkəyə inqilab ixrac etmək fikrincə deyil. Si Szinpinin bu açıqlaması ad çəkməsə də bəllidir ki, ABŞ ünvanlanıb. Çin Tayvana münasibətdə bir dövlət və iki fərqli status mövqeyindən geri çəkilən deyil. Tayvanın gələcək müqəddəratını da ümumiyyətlə bütün Çin ərazisində keçiriləcək referendum müəyyən edəcək. Pekin bunu tək Tayvanın ixtiyarına buraxmayacaq. Çin tarixən özünə aid ərazidə ABŞ-ın hərbi baza qurmasına imkan verməyəcək”.
Ukrayna məsələsinə gəldikdə, həmsöhbətimizə görə, Vaşinqton burada da Pekini öz tərəfinə çəkə bilməyəcək:”Moskva ilə Pekinin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatında birgə fəaliyyəti onu göstərir ki, hər iki ölkə eyni geopolitik mövqedən çıxış edir. Çin və Rusiya birgə ticarətdə dollaran imtinaya getmək üçün müxtəlif yollar aramaqda davam edir. Bu mənada Çinin Ukrayna məsələsində fərqli mövqe tutaraq Rusiyaya qarşı sanksiyalara qoşulacağını zənn etmirəm”.
Rüfət Sultan