
Xankəndində reklam bilbordu yerləşdirilən və Azərbaycanın işğal olunmuş ərazisində biznes fəaliyyəti göstərən Koç Holdinq Fətullah Gülənlə geniş əlaqələrə malikdir.
Türkiyədə keçirilən böyük rüşvət əməliyyatından sonra holdinq rəhbərliyinin Fətullah Gülənlə olan telefon danışıqlarının yayılması da bunu təsdiqləyir. Həmin səsyazmada Fətullah Gülənlə danışan şəxs Koç Holdinqlə ortaqlıqdan bəhs edir. O, həmçinin holdinqin rəhbəri Mustafa Koça Uqandadakı layihələrdən birinə girməsi üçün dəstək verməsini xahiş edir.
Sonradan mətbuatda Koç ailəsinin Uqanda rəhbərliyi ilə danışdığı və bu işi başladığı da xəbər verilir. Uzun müddət mətbuatın əsas hədəfi olan Mustafa Koç isə “Hürriyyət” qəzetinə müsahibəsində Fətullah Gülənlə heç bir əlaqəsinin olmadığını və bu davada kimsənin yanında yer almayacağını qeyd etmişdi.
Türkiyə mətbuatı Koç ailəsinin yəhudi əsilli olması ilə bağlı da iddialar səsləndirib. Ən ağır ittihamlardan biri isə onların sionizmlə əlaqədə olmalarıdır.
Koç Holdinqin həmçinin Türkiyənin məşhur “Hürriyyət” və “Cümhuriyyət” qəzetlərinə dəstək verməsi ilə bağlı səsləndirilən fikirlər də diqqət çəkir. Məhz Fətullah Gülənlə olan münasibətlərinə dair iddialar zamanı holdinq rəhbəri Mustafa Koç yalnız “Hürriyyət” qəzetinə müsahibə verəcəyini demişdi.
Hazırda şirkətin rəhbəri Mustafa Koç, onun fəxri prezidenti isə Rahmi Koçdur.
Qeyd edək ki, Koç Holdinq 1926-cı ildə Vehbi Koç tərəfindən yaradılıb. Hazırda holdinq Türkiyənin ən böyük şirkəti hesab edilir. Onun tərkibində kifayət qədər məşhur markalar olan “Arçelik”, “Koçfinans”, “Yapıkredi” kimi şirkətlər cəmlənib. Təkcə “Arçelik” şirkətinin gəliri ötən il 1 milyard 200 milyon dollar olub.///axar.az