Qəzza zolağında münaqişə başlayandan bəri İsraildə ən böyük kütləvi etiraz aksiyaları keçirilib. Martın 30-da minlərlə insan Tel-Əviv küçələrinə çıxıb, martın 31-də isə Qüdsdəki parlament binasının qarşısına toplaşıb. Onlar girovların qaytarılmasını, həmçinin baş nazir Benyamin Netanyahunun istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Eyni zamanda, İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyata hazırlığı davam etdirir. Netanyahu bildirib ki, qurudan hücum etmədən HƏMAS-ı məhv etmək mümkün olmayacaq. Birləşmiş Ştatlar təkid edir ki, baş nazirin ofisi mülki şəxslərin təxliyyəsi üçün aydın plan təqdim etsin.
Qaynarinfo bu barədə xarici mətbuatın icmalını təqdim edir.
"The Washington Post”
yazır ki, yeni etirazlar Netanyahu və onun hökuməti üçün ən böyük təhlükə ola bilər. İsraildə iki ayrı hərəkat birləşir: girovların ailələri və siyasi müxalifət. Nəşr fəallardan birinə sitat gətirir: "Mən heç vaxt inanmazdım ki, altı aydan sonra qardaşımın sağ-salamat qayıtmaq hüququ üçün hökumətlə mübarizə aparmalıyam". Bazar günü başlayan etiraz aksiyası dörd gün davam edəcək: çünki təşkilatçılar ümid edirlər ki, aksiya ya hökuməti girovların azad edilməsi üçün danışıqlara məcbur edəcək, ya da Netanyahunun koalisiyasının dağılmasına gətirib çıxaracaq.
Britaniyanın "The Guardian” qəzeti hesab edir ki, bu həftə baş nazir üçün ən təhlükəli həftə
olacaq. Ümummilli etirazlar Misirin Əl-Qahirə Əl-İxbariyyə telekanalının reportajları ilə üst-üstə düşüb. Jurnalistlərin məlumatına görə, Qahirədə İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqların bərpası planlaşdırılır. Eyni zamanda, Netanyahu özü də bazar günü Rəfaha hücumun davam edəcəyini bildirib. Onun sözlərinə görə, hərbi təzyiq və danışıqlarda çevikliyin vəhdəti girovların azad edilməsinə gətirib çıxaracaq. "The Guardian” yazır ki, Qəzza əhalisinin yarısı hazırda Rəfahda sığınır.
"The New York Times”
vurğulayır ki, Netanyahu təkcə ölkə daxilində deyil, xaricdə də artan təzyiqlərlə üzləşib. İsrailin ABŞ kimi yaxın müttəfiqləri mülki əhali arasında itkilərin sayını nəzərə alaraq Qəzza zolağına daha çox yardım göstərilməsinə çağırır. Bundan əlavə, bu yaxınlarda humanitar təşkilatların nümayəndələri xəbərdarlıq ediblər ki, yalnız atəşkəs əraziyə kifayət qədər miqdarda ərzaq çatdırılmasına imkan verəcək, əks halda aclıq başlayacaq.
Hələlik atəşkəslə bağlı razılığa gəlmək mümkün olmayıb. Axios portalı
xəbər verir ki, ABŞ-ın İsrailə Rəfahın işğalı ilə bağlı bəzi alternativ ssenarilər təqdim edəcəyi gözlənilir. Görüş onlayn rejimdə keçiriləcək. Nəşrin mənbələrinin bildirdiyinə görə, bu, Netanyahunun Vaşinqtona nümayəndə heyəti göndərmədən simasını xilas etmək və Ağ Evlə vəziyyəti müzakirə etmək üçün bir üsuldur. Baxmayaraq ki, bəzi yaxın şəxslər hələ də baş nazirə Co Baydenlə münasibətlərdə gərginlik yaşanmaması üçün bunu etməyi məsləhət görüblər.
Nizami Bağırov