Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılması dinc yolla mümkün deyil və müxalifət güc tətbiq etməyə hazırlaşmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə keçmiş milyarder, hazırda Rusiya müxalifətinin liderlərindən biri Mixail Xodorkovski bu fikrini yeni kitabında və onun nəşrindən sonra bir sıra müsahibələrində bildirib.
"Belarus təcrübəsi göstərdiyi kimi (və Rusiya təcrübəsi daha təsirli olacağını vəd edir), əgər rejim atəş açmağa hazırdırsa, müxalifətin hakimiyyəti ələ keçirmək üçün bir vasitə kimi nümayişkaranə şəkildə və əvvəlcədən elan etməklə zorakılıqdan imtina etməsi əks effekt verir", - 10 il Rusiya həbsxanasında yatdıqdan sonra Londonda məskunlaşan Xodorkovski "Əjdahanı necə öldürmək olar? Yeni başlayan inqilabçılar üçün bələdçi” kitabında yazır.
Noyabrın əvvəlində "Meduza”ya müsahibəsində bir vaxtlar Rusiyanın ən böyük özəl neft şirkəti "Yukos”un keçmiş sahibi oxşar fikirlərlə yadda qalıb:
"Mən qəti şəkildə əminəm ki, Rusiyada bu iyirmi il ərzində formalaşmış hakimiyyət sistemi ilə zorakılıq və ya zorakılıq hədəsi olmadan bacarmaq mümkün deyil”.
Xodorkovski "New Times” nəşrinin baş redaktoru Yevgeniya Albatsla videomüsahibəsində Putinin zorla hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı fikirlərini ətraflı izah edib:
"Rusiyanın indiki vəziyyətində insanları küçələrə çağırmaq məsuliyyətini öz üzərinə götürən siyasi liderlər vəziyyəti sona qədər düşünməli, insanları sona qədər arxasınca aparmalı və xüsusən də Belarusda olduğu kimi yarı yolda saxlamamalıdırlar…"
Xodorkovski müasir Rusiyada qeyri-zorakı etiraz ideyasını "zərərli” adlandırır, çünki bu, yalnız dəyişiklik illüziyası yaradır, insanları real risklərə məcbur edir:
"Bu gün küçə etirazlarına görə, həmin 15-20 il həbs cəzasını almaq olar, hansı cəzanı ki, zorakı etiraz halında da nəzərdə tutulub".
"Bütün sual ondan ibarətdir ki, siz ya ciddi şəkildə hakimiyyətin dəyişilməsindən danışırsınız, onda nəzərə alın ki, etirazın özündə real zorakılıq təhlükəsi olmalıdır. Əgər siz bu təhlükəni yaratmasanız, buna hazır deyilsinizsə, insanları küçələrə çağırmayın, çünki nəticədə siz insanları riskə atacaqsınız, amma hakimiyyəti yenə də dəyişməyəcəksiniz”.
Xodorkovskinin sözlərinə görə, Putin Rusiyanı yalnız "birbaşa zorakılıq qabiliyyətinin” əhəmiyyət kəsb etdiyi bir vəziyyətə salıb və o xatırladır ki, Rusiya vətəndaşlarının əlində şəhər döyüşləri zamanı ciddi qüvvəyə çevrilə biləcək 8 milyona yaxın "qanuni silah” var.
"Cəmiyyəti hakimiyyəti dəyişməyə, rejimi dəyişməyə səsləyənlər bu haqda düşünməli və deməməlidirlər ki, biz bunu şarlarla-fənərlərlə edəcəyik. Bəli, qarşı tərəfdə əlini silaha atmağa hazır olan 7-8-20 min nəfər olacaq və biz onlara nümayiş etdirməliyik ki, bu tərəfdə də 10-20, bəlkə də 100 min adam var, onlar da güllə atmağa hazırdırlar”.
Xodorkovski tezisini dəstəkləmək üçün 1991-ci ildə Fövqəladə vəziyyət dövlət komitəsinin (QKÇP – red.) göstərişi ilə Sovet təhlükəsizlik qüvvələrinin Boris Yeltsinin və tərəfdarlarının olduğu Ağ Evə basqın etməkdən imtina etməsini misal çəkir. Xodorkovskinin sözlərinə görə, bu, Ağ Evin müdafiəçiləri 3000 pulemyotla silahlanmış və təhlükəsizlik qüvvələri hücumu özləri üçün çox riskli hesab etdiyi üçün baş verib.