Alimlər bir gecəlik yuxusuzluğun belə insan beynində ciddi dəyişikliklər yarada biləcəyini və bu dəyişikliklərin Alzheimer xəstəliyinin erkən əlamətlərinə bənzədiyini bildirirlər.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, Nigeriyanın İbadan Universitetinin tədqiqatçıları son 25 ildə yuxusuzluq, yaddaş və beyin funksiyaları ilə bağlı aparılmış çoxsaylı elmi araşdırmaları təhlil ediblər. Nəticələr göstərib ki, hətta qısa müddətli yuxusuzluq belə beyin fəaliyyətinə ciddi təsir göstərə bilər.
Beyində funksional pozulmalar
Tədqiqatçılar müəyyən ediblər ki, yuxusuzluq sinir hüceyrələri arasındakı əlaqələri zəiflədir, bəzi hallarda iltihablanma yaradır və yaddaş funksiyasını zəiflədir. Eyni zamanda yeni beyin hüceyrələrinin yaranma prosesi də ləngiyir.
Bu dəyişikliklərin bəziləri xroniki neyrodegenerativ xəstəlik olan Alzheimerə bənzər xüsusiyyətlər daşıyır.
Yaddaş və emosional təsirlər
Alimlərin sözlərinə görə, yuxusuzluq insanların yeni məlumatları mənimsəməsini çətinləşdirir və yanlış xatirələrin yaranma ehtimalını artırır. Emosional yaddaşın emalı da bu vəziyyətdən mənfi təsirlənir.
Mütəxəssislər qeyd edirlər ki, 18–64 yaş arası böyüklərin gündə 7–9 saat, uşaqların isə daha çox yatması tövsiyə olunur.
Beyində "toksin” yığılması
Tədqiqatlara əsasən, yuxu zamanı beyin gün ərzində formalaşan xatirələri möhkəmləndirir və zərərli maddələri təmizləyir. Yuxu çatışmazlığı hipokampusun fəaliyyətini zəiflədir və beta-amiloid, tau kimi zərərli zülalların toplanmasına səbəb ola bilər.
Bu proseslər yaddaş zəifləməsi, diqqət azalması və iltihablanma kimi erkən neyroloji dəyişikliklərə gətirib çıxarır.
Yuxunun yaxşılaşdırılması üçün tövsiyələr
Alimlər yuxu keyfiyyətini artırmaq üçün bir neçə əsas tövsiyə də irəli sürüblər:
* Sabit yuxu rejiminə riayət etmək (eyni vaxtda yatıb oyanmaq)
* Yatmazdan əvvəl ekran istifadəsini azaltmaq
* Yataq otağını sərin, qaranlıq və səssiz saxlamaq
Ekranlardan yayılan mavi işığın melatonin hormonunun ifrazını pozduğu və yuxuya getməni çətinləşdirdiyi bildirilir.
İdman və yuxu keyfiyyəti
Əvvəlki araşdırmalar da göstərib ki, nəfəs ritminə əsaslanan məşqlər və yüksək intensivlikli yoqa yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Bu cür fəaliyyətlərin beyin dalğalarının ritmini tənzimlədiyi və daha dərin yuxunu dəstəklədiyi qeyd olunur.
Aydın
Şərhlər