Yaponiyanın yeni Baş naziri Fumio Kişida keçmiş Baş nazir Şinzo Abe kimi 2 deyil, 4 adanın da geri qaytarılmasını tələb etməklə Kuril Adaları ilə bağlı sərt mövqeyi ilə tanınır.
Qaynarinfo xəbər verir ki, bu haqda Yaponiyanın "Hokkaydo" nəşrinin məqaləsində deyilir.
O, bu mövqeyini hakim partiya sədrinin seçkisi ilə bağlı debatda dilə gətirib. Həm də Kişida dəfələrlə Abenin izlədiyi barışıq siyasətinə qarşı olduğunu bildirib. Kişida "azad və açıq Hind-Sakit okean bölgəsi" anlayışına riayət etmək niyyətində olan ABŞ-a yönəlməyin tərəfdarıdır.
Eyni zamanda Kişida Abe dövründə 4.5 il ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Düzdür, o zaman Rusiya ilə danışıqlarla bağlı daha mülayim çıxışları ilə diqqəti çəkib. Hətta ikitərəfli münasibətlərin güvən əsasında müzakirəsini davam etdirməyi də təklif edib. Ancaq o zaman da Kişida Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla adalarla bağlı maddənin sülh müqaviləsindən çıxarılması barədə mübahisə edib.
Bir sıra mütəxəssislər Kişidanın son vaxtlar dediklərinin Liberal Demokrat Partiyasının "radikal" qanadından dəstək almaq cəhdindən başqa bir şey olmadığı qənaətindədir. Bununla belə yeni Baş nazir Abenin kursundan kənara çıxa bilməyəcək. Rusiya tərəfi həmişə Kişidanı Rusiya Federasiyası haqqında ən sərt açıqlamalar verən siyasətçilərdən biri kimi görüb.
Alpər