Xəbər lenti

Yaxın Şərq
Dünya 16:06 21.07.2026

Yaxın Şərq "qaynayır": Husilər Səudiyyə Ərəbistanının blokadaya alır

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər

Yəmənin İranın dəstəklədiyi "Ənsar Allah" (husilər) hərəkatı iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib. Bu qərar qruplaşmanın 2022-ci ildən qüvvədə olan atəşkəs rejimindən çıxdığını bəyan etməsindən bir həftə sonra verilib.

Qaynarinfo-nun məlumatına görə, Husilərin rəsmi nümayəndəsi Yəhya Saria bildirib ki, blokadanın səbəbi Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətinin iyulun 13-də yüksəkvəzifəli husiləri daşıyan təyyarənin Sənaya enməsinin qarşısını almaq üçün hava limanına zərbə endirməsi olub.

Həmin nümayəndə heyəti Tehranda İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimindən qayıdırdı. Nəticədə "Mahan Air" aviaşirkətinə məxsus təyyarə Sənaya enə bilməyərək Hudeydə şəhərinə istiqamətlənib.

Yəhya Saria Səudiyyə Ərəbistanını təxminən 12 ildir Yəmənə qarşı quru, hava və dəniz blokadası tətbiq etməkdə, ölkənin resurslarını talamaqda və əhalini ağır humanitar vəziyyətə salmaqda ittiham edib.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti hava limanına hücumun məsuliyyətini öz üzərinə götürsə də, husilər əsas məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyaraq iyulun 13-də 2022-ci il aprelin 1-dən qüvvədə olan atəşkəsdən çıxdıqlarını elan ediblər.

Atəşkəs şərtlərinə əsasən husilərə Sənadan İordaniya və Misirə məhdud sayda uçuşlara icazə verilirdi, lakin İrana birbaşa reyslər qadağan edilmişdi. Buna baxmayaraq, iyulun 3-də "Mahan Air" on ildən artıq fasilədən sonra Tehran–Səna marşrutu üzrə ilk birbaşa reysi həyata keçirib. Bu addım Səudiyyə Ərəbistanı və Yəmən hökuməti tərəfindən İranın husilərin nəzarətində olan ərazilərdə təsirini artırmaq cəhdi kimi qiymətləndirilib.

Hələlik husilərin dəniz blokadasını praktikada necə tətbiq edəcəyi və bunun Yəmən sahillərində beynəlxalq ticarət gəmilərinə qarşı hücumların yenidən başlanması anlamına gəlib-gəlmədiyi məlum deyil.

Qruplaşma 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibə başlayandan sonra "HƏMAS" hərəkatı və fələstinlərlə həmrəylik nümayiş etdirərək beynəlxalq gəmilərə hücumlar həyata keçirirdi. Bu hücumlar ötən ilin oktyabrında İsrail və "HƏMAS" arasında əldə olunan atəşkəs razılaşmasından sonra dayandırılmışdı.

2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra husilər Bab əl-Məndəb boğazını bağlayacaqları ilə bağlı dəfələrlə hədələr səsləndiriblər. Hörmüz boğazında gəmiçiliyin məhdudlaşması fonunda bu marşrut Səudiyyə Ərəbistanının enerji ixracı üçün daha böyük əhəmiyyət qazanıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası husilərin hədələrinə sərt cavab veriləcəyini açıqlayıb.

Koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki bildirib ki, Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin mühafizəsinə başlanılıb.

Onun sözlərinə görə, husilərin kommersiya gəmilərinə qarşı istənilən hücumu beynəlxalq hüququn pozulması və dəniz quldurluğu kimi qiymətləndiriləcək.

Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Alimi isə husiləri beynəlxalq dəniz daşımalarına və enerji təchizatına təhlükə yaratmaqda ittiham edərək ölkə əhalisini hökumət qüvvələri ətrafında birləşməyə çağırıb.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik də bəyan edib ki, Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasının elan olunması regionda genişmiqyaslı eskalasiyaya səbəb ola bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->