Xəbər lenti

Yayılan qripin əsas əlamətləri: Qızdırma, titrətmə və güclü ağrılar - Xəstəlik nə qədər davam edir?
Sağlamlıq 23:57 25.12.2025

Yayılan qripin əsas əlamətləri: Qızdırma, titrətmə və güclü ağrılar - Xəstəlik nə qədər davam edir?

Son günlər qripə yoluxan insanların artması cəmiyyətdə müəyyən narahatlıq yaradıb.

Yoluxma ilə bağlı sosial şəbəkələrdə paylaşılan bəzi fikirlər, həmçinin müəyyən suallar meydana çıxarıb.

Qripə yoluxan bəzi vətəndaşlar qeyd ediblər ki, xəstəlik qızdırma və titrətmə ilə gəlir. Ağrılar da adi qrip ağrıları kimi deyil. Bu əlamətlər adi qripdən daha çox başqa infeksiyaya bənzəyir.
Bəziləri isə bildiriblər ki, həkimə getdikləri zaman onlara xəstəliyin 21 gün davam edəcəyini deyənlər də olub.

Bəs qızdırma və titrətmənin əsas səbəbləri nədir? Yoluxan şəxslərin hansısa analiz vermələrinə ehtiyac varmı? Xəstəlik müddətində dərman, antibiotik və ya sistem vurulmasına ehtiyac varmı?

Oxu.Az-ın suallarına Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov aydınlıq gətirib.

O, qış fəsli olduğu üçün qrip də daxil olmaqla digər kəskin respirator virus infeksiyalarına yoluxma halları müşahidə edildiyini təsdiqləyib və bildirib ki, bu virusların törətdiyi xəstəliklərin klinik seyri çox oxşardır, lakin müəyyən viruslar üçün bəzi xüsusiyyətlər var:

"Məhz qrip infeksiyası üçün, xüsusən xəstəliyin ilk günlərində güclü baş, əzələ, oynaq ağrılarının olması xarakterikdir. Onu da qeyd edim ki, xəstədə hərarətin yüksəlməsi, üşütmə, titrətmə əlamətləri intoksikasiya sindromunun tərkib hissəsi kimi qiymətləndirilir və əksər infeksion xəstəliklərdə müşahidə edilə bilər. Xəstəliyin davam müddəti ilə inkubasiya dövrü (yoluxma anından ilk xəstəlik əlamətləri meydana çıxanadək olan müddət - red.) ayrı-ayrı məfhumlardır.

İstənilən infeksion xəstəliyin müddəti törədicinin növündən, xəstəliyin gedişindən, fəsadların olub-olmamasından və xəstə insanın immun sisteminin vəziyyətindən və s. asılıdır", - deyə o bildirib.

T.Eyvazov vurğulayıb ki, qrip infeksiyası, o cümlədən əksər kəskin respirator virus infeksiyalarının törətdiyi xəstəlik halları sağlam-immunkompetent insanda adətən bir həftəyədək davam edir.
"Ağır gedişat, fəsadlaşma, yanaşı xronik xəstəliklər, immundefisit halları, yaş amili və s. faktorlardan asılı olaraq daha uzun müddət davam edə bilər. Qızdırma və titrətmə törədicinin insan orqanizminə daxil olduqda, onun verdiyi cavab reaksiyasıdır.
 
Payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları ilə xəstələnən insanların sayının artması və oxşar klinik əlamətlər olduğuna görə rutin laborator müayinələrin icra olunmasına ehtiyac yoxdur.

Yalnız bəzi hallarda müəyyən göstərişlər olduqda, müayinələr yerinə yetirilə bilər. Əksərən xəstələr simptomatik olaraq ambulator şəraitdə müalicə alırlar. Ağır, fəsadlı gedişat zamanı stasionar müalicə tələb oluna bilər. Ev şəraitində venadaxili infuziyaların olunmasına icazə verilmir. Antibiotiklər viruslara təsir etmir, yalnız xəstədə bakterial infeksiya əlamətləri olduqda, həkim tərəfindən xəstəyə antibiotik təyin oluna bilər", - infeksionist əlavə edib.
--> -->