Xəbər lenti

Dünya 15:56 27.06.2026

"Yeddi bacı"nın səma tamaşası: 2034-cü ilə qədər bir daha təkrarlanmayacaq

Mars planeti məşhur Pleyada (Pleades) ulduz topasına yaxınlaşır və bu səma hadisəsini 2034-cü ilə qədər son dəfə müşahidə etmək mümkün olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People" nəşri astronomların məlumatına istinadən yazır.

Ən əlverişli müşahidə vaxtı iyunun 28-i, bazar günü günəş doğmazdan əvvəl olacaq.

Pleyada, yaxud "Yeddi bacı" adlandırılan ulduz topası ayrıca bürc deyil. O, Buğa bürcündə yerləşən minlərlə ulduzdan ibarət açıq ulduz topasıdır. İnsan gözü ilə yalnız altı-yeddi ən parlaq mavi-ağ ulduzu seçmək mümkündür.

Yunan mifologiyasına görə, bu ulduzlar Atlas və Pleyonenin yeddi qızını təmsil edir. Alimlərin fikrincə, topadakı bütün ulduzlar təxminən 100 milyon il əvvəl eyni qaz və toz buludundan yaranıb və bu günə qədər birlikdə hərəkət edirlər.

Marsı Pleyada yaxınlığında iyunun 23-dən iyulun 2-dək müşahidə etmək mümkün olacaq. Pik yaxınlaşma isə iyunun 28-nə təsadüf edir. Həmin gün planetlə ulduz topası arasındakı bucaq məsafəsi cəmi 4,3 dərəcə olacaq və hər iki obyekt eyni zamanda durbinin baxış sahəsinə sığacaq.

Səma hadisəsini günəş doğmazdan təxminən bir saat əvvəl şərq üfüqü istiqamətində izləmək tövsiyə olunur. Mars qırmızı-narıncı rəngli parlaq nöqtə kimi görünəcək, Pleyada isə bir-birinə yaxın yerləşən kiçik ulduzlardan ibarət bulanıq topa təsiri bağışlayacaq. Durbindən istifadə müşahidəni daha rahat edəcək.

Astronomlar bildirirlər ki, hava açıq və üfüq maneəsiz olarsa, bu mənzərəni dünyanın əksər bölgələrindən izləmək mümkün olacaq. Şimal yarımkürəsində yaşayanlara şərq üfüqünü aydın görən məkan seçmək tövsiyə olunur. Çünki Mars və Pleyada üfüqə yaxın mövqedə olacaq. Şəhər işıqlarından uzaq ərazilərdə isə ulduz topasının daha çox üzvünü müşahidə etmək mümkün olacaq.

Aydın
--> -->