"Azərbaycan seyrçi mövqe tutmayacaq və qabaqlayıcı tədbirlər görəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın yeni antiterror əməliyyatı başlaması ehtimalını şərh edərkən deyib.
"Böyük dövlətlərin baş verənlərə seyrçi mövqe sərgiləyirlər. Paşinyanın sonuncu bəyanatı da göstərdi ki, o, danışıqlar prosesindən yayınır. Paşinyan vəziyyəti sıfırlamaq niyyətidədir. Onu da qeyd edim ki, İrəvənla Moskvanın Qarabağ məsələsində mövqeləri üst-üstə düşür”.
Üzeyir Cəfərov qeyd edib ki, belə vəziyyətdə gərginlik artan xətt üzrə gedəcək və növbəti toqquşma qaçılmaz olacaq:
"Azərbaycan dövlət başçısı bildirib ki, Ermənistan tərəfdən hər hansı bir revanşist cəhdlər olsa, onun qarşısı qətiyyətlə alınacaq. Ermənistanda Azərbaycanla bağlı müəyyən hərəkətlər var. Axşam saatlarında qoşunların sərhədə cəmlənməsilə bağlı videogörüntülər yayıldı. Bu isə o deməkdir ki, İrəvan müəyyən təxribatlar törətməyə çalışır. Amma nə qədər çabasalar da, nəticəsi olmayacaq. Ermənistan bu dəfə daha ağır fəsadlarla üz-üzə qalacaq”.
Qeyd edək ki, son günlər Ermənistan tərəfi sərhəddə təxribatları gücləndirib. Eyni zamanda, separatçı rejim qondarma seçki keçirməyə hazırlaşır. Ermənistan baş naziri Paşinyanın belə bir vəziyyətdə separatçıları təbrik etməsi də onu göstərir ki, İrəvan sülhün əldə edilməsinə maraqlı deyil. Əksinə, hamilərin köməyi ilə yenidən vəziyyəti gərginləşdirmək yolunu tutublar. Belə vəziyyətdə Azərbaycan sözsüz ki, yeni bir antiterror əməliyyatına başlaya bilər.
Rüfət Sultan