ABŞ Qida və Dərman Administrasiyası (FDA) mədəaltı vəzi xərçənginin müalicəsi üçün nəzərdə tutulan daraxonrasib adlı dərmanı təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, söhbət mədəaltı vəzi xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığı bildirilən preparatdan gedir. Dərmanla bağlı tədqiqatın nəticələri iyun ayında ABŞ-da keçirilən onkoloji konfransında iştirakçılar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
“Revolution Medicines” şirkəti tərəfindən hazırlanaraq istehsal edilən daraxonrasib adlı təsiredici maddə klinik sınaqlarda xəstələrin sağqalma müddətini təxminən iki dəfə artırıb. Dərmanı hər gün tablet şəklində qəbul edən xəstələr orta hesabla 13,2 ay yaşayıblar. Yalnız kimyaterapiya alan xəstələrdə isə bu göstərici 6,6 ay olub.
Preparat mədəaltı vəzi xərçəngi hallarının təxminən 90 faizində xəstəliyin yaranmasına səbəb olan KRAS zülalının mutasiyasını bloklayaraq xəstəliyin inkişafını ləngidir. Dərmanı qəbul edən xəstələrdə həyat keyfiyyətinin pisləşməsi də təxminən beş ay gec başlayıb.
Mədəaltı vəzi xərçəngi müalicəsi ən çətin olan şiş növlərindən biridir. Xəstəliyin erkən mərhələsində demək olar ki, heç bir əlamət yaratmaması onun aşkarlanmasını da çətinləşdirir. Bu səbəbdən diaqnoz qoyulduğu zaman xəstəlik çox vaxt artıq gec mərhələdə olur.
Hazırda mədəaltı vəzi xərçənginin əsas müalicə üsullarına cərrahi müdaxilə, kimyaterapiya və şüa terapiyası daxildir.
Aydın
Şərhlər