Xəbər lenti

Yeni ili qarşılamaq üçün dünyanın ən maraqlı 10 şəhəri - SİYAHI
Dünya12:09 25.11.2014

Yeni ili qarşılamaq üçün dünyanın ən maraqlı 10 şəhəri - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni ilə çox az qalıb və belə bir inanc da var ki, yeni ili necə qarşılayarsansa, ili də elə o əhval-ruhiyyə ilə başa vurarsan. Düzdü, Azərbaycanda hər kəsin maddi imkanları xaricindədir ki, yeni ili xaricdə - ən gözəl şəhərlərdə, karnavallarda keçirsin. Amma həvəskar insanlar var ki, artıq coxdan öz səfər proqramını tutub, biletini alıb və sadəcə dekabrın sonlarını gözləyir.

ANN.Az yeni ili qarşılamaq üçün ən maraq kəsb edəcək dünya şəhərlərinin siyahısını oxuculara təqdim edir:

1. Buenos Ayres

Argentinanın paytaxtı olan Buenos Ayres cənubu Amerikanın ən pozitiv, ən şən şəhərlərindən biri hesab olunur. Başından çox dumanlar - diktatorlar, böhranlar keçsə də, bu şəhərin pozitivliyinə heç zaman xələl gəlməyib. Yeni il şənliklərində şəhər başdan-başa rəqs meydanına dönür. Atəşfəşanlıq, rəngli işıqlar - yeni il səhərini bütün şəhər ayaq üstə qarşılayır.

2. Berlin

Bu şəhərdə də kimsə səhərə qədər yatmır, 7-dən 77-yə hamı küçələrdə rəqs edir, mahnı söyləyir, şənlənirlər. 18-ci əsrdən qalma Brandenburq Qapısında səhnə qurulur. Bura Avropanın pop-ulduzları konsert verir. Adətən, çox diqqətcil və dəqiq olan almanlar yeni il şənliyində bu adətlərinə xilaf çıxır, səhər 8-ə qədər əylənməkdə olurlar.

3. Banqkok

Avropa şəhərlərinin bir-birinə bənzədiyini düşünüb fərqli mədəniyyət görmək istəyirsinizsə, Banqkokda da yeni il şənliyini qarşılamaq maraqlı olar. Buddanın qızıl şəhəri hesab olunan Banqkokda yeni ili qarla, soyuqla, şaxta ilə deyil, dəniz qırağında - qumluqlarda havaya "Arzu balonu" göndərməklə qarşılaya bilərsiniz.

4. Barselona

İspaniyanın ikinci böyük şəhəri hesab olunan və xarici turistlərin ən sevimli yeri sayılan Barselona yeni il axşamını sakit halda qarşılayır. Amma gecə yarısı şəhərdə elə bir səs-küy qopur ki, gəl görəsən. Küçələrdə qurulan süfrələrdə yeməklər yeyilir, hər kəs sakitcə saat 12-nin vurulmasını gözləyir. Saat tamamında hər kəs üzüm yeməyə başlayır. İspanların inancına görə, yeni ilin ilk dəqiqələrində üzüm yemək şans gətirir. Bunun qaydası belədir: saat 12-nin vurulmasını adətən kilsə zəngləri müəyyən edir və xalq hər kilsə zəngi vurulanda 1 dənə üzüm giləsi yeməlidir. Bu minvalla, saat 12-nin göstəricisi olan 12 kilsə zəngində hər kəs 12 üzüm giləsi yeməlidir. Amma üzüm gilələrinin yeyilməsi, kilsə zənglərinin çalınması ilə həmahəng olmalıdır.

Bundan sonra Barselonada şənliklər başlayır.

5. Amsterdam

Balaca, amma içi dolu olan maraqlı şəhərlər siyahısına rəhbərlik edən Amsterdam yeni il gecələri daha fərqli görkəm alır. Böyük bir parti meydanına dönən şəhər sabaha qədər heç kəsi yatmağa qoymur. Saatların əqrəbləri 12-yə yaxınlaşdıqca, şəhərin körpüləri insanlarla dolub-daşır. Meydanlarda qurulan səhnələrə dünya ulduzları çıxaraq konsert verir, atəşfəşanlıq insanlar üçün rəngli dünya yaradır.

6. Las Veqas

Adətən, ABŞ və yeni il dedikdə ən əvvəl ağıllara Nyu-York gəlir. Amma əyləncənin sərhədsiz olduğunu görmək istəyirsənsə, mütləq yeni il gecəsi heç bir qapısı bağlı olmayan Laq Veqasa üz tutmalısan. Burada dünyanın ən başgicəlləndirici yeni il yolkaları qurulur, əgər buz meydançasında rəqs etmək istəyirsinizsə, buyurun. bu da əlçatan yerdədir. Bir sözlə, Las Veqasda elə bir yeni il gecəsi keçirmək mümkündür ki, növbəti yeni il gününə qədər onun xatirələri ilə yaşayacaqsan.

7.  Rio de Janeyro

Bu şəhərin adətidir ki, yeni il ərəfəsi hər kəs öz ailəsində olsun və bu səbəbdən axşam saat 6-dan sonra bütün dukanlar, əyləncə mərkəzləri və digər iaşə obyektləri bağlanır, hər kəs evinə - əzizlərinin yanına gedir. Köhnə ilin son saatlarında ailə ilə birgə şam yeməyi yeyildikdən sonra şəhərdə elə bir canlanma baş verir ki, gəl görəsən. Evlərdə kimsəni tapmaq mümkün olmur. Hətta xəstə adamlar, körpə uşağı olan analar belə küçələrə axışır, atəşfəşanlıq və rəqs meydanlarında nümayiş etdirilən şənliklərə qatılırlar. Samba, romba və digər latın amrikası rəqsləri oynayan gözəllər yeni ilin ən yadda qalan mənzərəsi olur. 

8. İbiza

Bu şəhər nəinki İspaniyanın, hətta bütün dünyanın əyləncə mərkəzi sayılır. Turistlərin ən çox axışdığı bu şəhər yeni il gecəsi tamam başqa ab-havada olur. Yeni il şənliyinin proqramını o qədər fərqli hazırlaya bilərsiniz ki... Dadlı yeməklər yemək, istəsəniz, masaj və spa salonlarında dincəlmək, gecə klublarında rəqs etmək, yaxud İbizanınən gözəl guşələrinə çəkilib romantik mühit yaratmaq. Hər şey sənin öz əlindədir. Bu ada-şəhərdə o qədər səni qarşılayacaq əyləncə məkanlar var ki... 

9. Tokio

Yeni ili mümkün qədər erkən qarşılamaq istəyirsənsə. onda yolunu Tokiodan sal. Uzaq Şəqrin ən parlaq şəhəri olan Tokioda yeni il şənliyini 60-a qədər gənc qadından ibarət olan pop qrup - AKB48-in proqramı ilə qarşılamaq mümkündür. Karaokenin paytaxtı hesab olunan Tokio özəl otaqlar var ki, bu əyləncənin hissini yaşayasan. Ginza meydanından bir dövrə vurmaqla Yaponiya mədəniyyəti ilə yaxından tanış olmaq, Şidome və Şinjuku məhəlləsində rəngarəng lazer şüalarının altında konsertə tamaşa etmək, dəniz məhsullarından ibarət dadlı yeməklər yemək - o gecənin əslində necə gəlib-keçdiyini heş bilməyəcəksinzi də...

10. Keyptaun

Bu şəhərə bəlkə də gömbuların, yaxud qarınquluların şəhəri də deməsək, yanılmarıq. Xüsusən də yeni il axşamları küçələrdə açılan bayram süfrələrində o qədər yeməklər olur ki, ye-iç, amma doyma... 

Cənubi Afrika şəhəri olan Keyptaunda - isti havada, sizcə, yeni ili qarşılamaq necə olar? Şəhərin hansı istiqamətinı gedirsən get, sənin qarşına ən gözəl və dadlı yeməklər menyusu təklif edən restoranlarla qarşılaşacaqsan.

Qaynar.info