Yeni Zelandiya 2023-cü ildən tütün məmulatlarında nikotinin konsentrasiyasını və tütün satış məntəqələrinin sayını azaldacaq. Müvafiq qanun ölkə parlamenti tərəfindən üçüncü oxunuşda qəbul edilib. Sənədə əsasən, həmçinin 2009-cu il yanvarın 1-dən sonra doğulanlara ömürlük tütün almaq qadağan edilib. Bu, dünyada gələcək nəsillər üçün siqaret çəkməyi qadağan edən ilk qanundur.
Qaynarinfo xəbər verir ki, bu barədə Radio New Zeland National məlumat
yayıb.
"Ölkə üzrə tütün sata bilən pərakəndə satıcıların sayı indiki 6000-dən on dəfə azaldılacaq. Bu qanuna əsasən, gələn ilin sonuna qədər tütün pərakəndə satış məntəqələri 600-dən çox olmamalıdır", - Yeni Zelandiyanın Səhiyyə nazirinin müavini Aişi Verrall bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə yetkinkinlik yaşına çatmış vətəndaşların 8 faizi siqaret çəkir. Bir il yarım əvvəl insanların 9,4% -i, on il əvvəl 16% siqaret çəkirdi.
Qanun veyp satışını qadağan etmir. "The Guardian” yazır ki, Yeni Zelandiya əhalisinin bir hissəsi siqaretdən elektron cihazlara keçib.
2010-cu ildə ölkədə siqaret çəkənlər arasında aparılan sorğudan sonra Yeni Zelandiya səlahiyyətliləri 2025-ci ilə qədər siqaret çəkmə nisbətini 5%-dən aşağı salmağı hədəflədiklərini açıqlayıblar. Xüsusilə, bunun üçün ölkədə siqaretlər üçün parlaq qutulardan istifadə qadağan edilib və onlara yüksək vergilər qoyulub.
Nizami Bağırov
Şərhlər