Yeni Zelandiya tarixdə ilk dəfə olaraq dövlətin yaxın illərdə üzləşə biləcəyi əsas təhlükələrin siyahısını dərc edib. Yeni Zelandiyaya ciddi ziyan vura biləcək ölkələr arasında Çin, Rusiya və İran var.
Qaynarinfo xəbər verir ki, siyahı ölkənin əsas kəşfiyyat idarəsinin (NZSIS) saytında dərc
olunub.
NZSIS hesabatında ölkənin təhlükəsizliyinə üç əsas təhdid müəyyən edilib: zorakı ekstremizm, xarici müdaxilə və casusluq. "Yalnız az sayda ölkə müdaxilə edir, lakin onlar bunu aqressiv şəkildə edirlər, buna görə də ciddi ziyan vurmağa qadirdirlər. Bunlara Çin Xalq Respublikası, İran İslam Respublikası və Rusiya daxildir”, - məlumatda deyilir.
Sənəddə qeyd edilir ki, hazırda beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət son onilliklərlə müqayisədə daha mürəkkəb və daha az proqnozlaşdırıla biləndir.
Dövlətlər arasında rəqabətin güclənməsi ona gətirib çıxarır ki, ölkələr qlobal problemlərin həllində birgə yanaşmalardan imtina edirlər, - idarə qeyd edib.
NZSIS-in baş direktoru Endryu Hempton hesabatı təqdim edərkən qeyd edib ki, ölkələr arasında rəqabət getdikcə şiddətlənir və bu, bəzi dövlətləri casusluq və xarici müdaxilə kimi vicdansız vasitələrlə üstünlük əldə etməyə sövq edir. "Lakin başa düşmək lazımdır ki, vətəndaşlar deyil, yalnız hökumətlər və onların adından hərəkət edən insanlar təhlükə yaradır", - o bildirib.
Rusiyaya gəldikdə, NZSIS "Ukrayna ərazisinə davam edən müdaxilənin" tədarük zəncirlərində fasilələrə səbəb olduğunu və bunun da beynəlxalq sabitliyə təsir etdiyini qeyd edib. Bundan əlavə, Yeni Zelandiya tərəfinin fikrincə, Rusiya "enerji bazarındakı üstünlüyündən istifadə edərək” digər dövlətlərin daxili işlərinə qarışır. Eyni zamanda, kəşfiyyat qeyd edir ki, Rusiyanın dezinformasiya yaymaq üçün apardığı informasiya kampaniyaları xüsusi olaraq Yeni Zelandiyanı hədəf almır, baxmayaraq ki, bu, onun bəzi vətəndaşlarının fikirlərinə təsir göstərir.
Yeni Zelandiya kəşfiyyat xidməti Çindən gələn təhdidlərdən danışarkən qeyd edib ki, son vaxtlar onun ölkədəki Çin icmalarına müdaxiləsi və təzyiqi təhlükəsi daha aydın görünür. "Biz ÇXR kəşfiyyat xidmətlərinin Yeni Zelandiya və Hind-Sakit okean regionunda fəaliyyətindən yaxşı xəbərdarıq və bunu mürəkkəb problem hesab edirik", - NZSIS bildirib.
Həmçinin NZSIS vurğulayıb ki, "müxalifəti susdurmağa çalışan İran getdikcə aqressivləşir”. Sənəddə deyilir: "İslam Respublikasının Yeni Zelandiyadakı fəaliyyəti tarixən həmişə çətin olub, lakin biz bu dövlətdən gələn təhlükələri qiymətləndirməyə davam edirik”.
Nizami Bağırov
Şərhlər