İyulun 15-də saat 17 radələrində Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən "Qaynarinfo.Az"a verilən məlumata görə, rayonun Nobel prospektində Bakı şəhər sakini Orxan Heydərov idarə etdiyi “Şevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Digər yol-nəqliyyat hadisəsi isə Binəqədi qəsəbəsində baş verib.
İyulun 14-ü saat 23 radələrində qəsəbədə müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Kamran Mirzəyev vurulub. K.Mirzəyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
İyulun 12-də isə Sumqayıt şəhərində də yol-nəqliyyat hadisəsi baş verib.
6-cı mikrorayonda şəhər sakini Firuz Səmədov idarə etdiyi “Hunday” markalı avtomobillə yolu keçən həmyerlisi Şoqlət Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Kərimov iyulun 15-də orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Qaynarinfo.Az