İdman 10:30 07.06.2023

"Yuventus" bu liqadan geri çəkilmək qərarına gəldi

"Yuventus” 2021-ci ildə qoşulduğu Avropa Superliqası layihəsindən geri çəkilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, klub sözügedən yarışdan ayrılmaqla bağlı bəyanat yayıb. Bununla yanaşı klubun Superliqa təşəbbüsünün digər dəstəkçiləri "Real" və "Barselona”ya rəsmi məktub göndərdiyi bildirilib. 

Açıqlamada, "Yuventus"un sözügedən klublarla Superliqadan mümkün çıxışını müzakirə etmək üçün üç klub arasında danışıqlar müddətinə başlamaq üçün bildiriş aldıqları vurğulanıb. Turin təmsilçisindən verilən açıqlada UEFA-nın bəzi xəbərlərdə komandaları təhdid etdiyi iddialarının həqiqətə uyğun olmadığı qeyd olunub.

2021-ci ilin may ayından ədalətsiz kapital gəlirləri və futbolçu transferi dəyərlərinin aşağı salınması kimi maliyyə fırıldaqlarına görə istintaq altında olan "Yuventus”un keçmiş prezidenti Andrea Aqnelli Avropa Superliqası təşəbbüsünün aparıcı dəstəkçilərindən biri idi. Aqnelli və idarə heyəti 28 noyabr 2022-ci ildə adları maliyyə korrupsiyası araşdırmasında hallandıqdan sonra istefa verib.

İngiltərədən "Arsenal", "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Mançester Siti", "Tottenhem", İtaliyadan "Milan", "İnter" və "Yuventus", İspaniyadan "Atletiko", "Barselona" və "Real" 2021-ci ildə Avropa Superliqasının yaradıldığını açıqladılar. İlkin formata görə, 20 komandanın iştirak edəcəyi liqanın təsisçisi olan 15 klub daimi olaraq qurumda qalacaq, digərləri isə öz çempionatlarının uğur kriteriyalarına görə müəyyən ediləcəkdi.

FİFA, UEFA və idman ictimaiyyətinin sərt reaksiyalarından sonra "Real", "Barselona" və "Yuventus"dan başqa digər klublar bu təşkilatdan çıxdığını açıqladı. UEFA və FİFA, qalan üç komandaya öz bağlı təşkilatlarından və milli liqalardan uzaqlaşdırılacağı, onların beynəlxalq matçlara oyunçu göndərməsinə qadağa qoyacağı kimi sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Baş verənlərdən sonra məsələ Avropa Məhkəməsinə çıxarılıb.

Səbuhi Həsənov