Xəbər lenti

Zalujnı ABŞ rəsmilərinə Ukrayna SQ-nin sıçrayış astanasında olduğunu bildirdi - WSJ
Dünya11:27 25.08.2023

Zalujnı ABŞ rəsmilərinə Ukrayna SQ-nin sıçrayış astanasında olduğunu bildirdi - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrin (USQ) Komandanı Valeri Zalujnı ABŞ rəsmilərinə əks-hücumun "yavaş tempi" ilə bağlı tənqidləri şərh edərək, Ukrayna qüvvələrinin irəliləyiş ərəfəsində olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə WSJ adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yazır.
ABŞ və Ukrayna rəsmiləri həftələrdir ki, Kiyevin əks-hücumunun strategiyası və taktikası ilə bağlı gərgin pərdəarxası müzakirələr aparırlar. ABŞ ordusu ukraynalıları Rusiya müdafiəsini yarıb Azov dənizinə çatmağa çalışmaq üçün qüvvələrini cəmləşdirməyə çağırıb.
Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, amerikalılarla söhbətlərinin birində Valeri Zalujnı buna belə cavab verib: 
"Siz bu münaqişənin mahiyyətini başa düşmürsünüz”.
"Bu, üsyançılara qarşı mübarizə deyil. Bu Kurskdur”, - komandan Almaniya və SSRİ arasında İkinci Dünya Müharibəsinin əsas döyüşünə toxunaraq əlavə edib.
Nəşrin mənbəsinə görə, ABŞ-ın Ukraynaya verdiyi hərbi texnikanın həcmi (dəyəri 43 milyard dollardan çox silah ayrılıb) bu hücum üçün kifayətdir və çətin ki, 2024-cü ildə eyni səviyyədə qalsın.
"Biz bu "polad” gücünü əks-hücum üçün yaratdıq. Biz bunu təkrarlaya bilmərik”, - deyə keçmiş ABŞ rəsmilərindən biri bildirib.
ABŞ rəsmilərinin fikrincə, Ukrayna hələ də irəliləyişə nail ola bilər.
Ukraynalı komandirlər həmçinin iddia edirlər ki, onların əks-hücumları üçün vaxt hələ başa çatmayıb, Zalujnı ABŞ rəsmilərinə "onun qoşunları sıçrayış astanasındadır” deyib.
ABŞ hökuməti daxilində fərqli fikirlər olsa da, bir rəsmi Vaşinqtonun Ukraynanın strategiyasından, xüsusən də prezident Volodimir Zelenskinin Baxmut şəhərinə diqqət yetirməsindən "ciddi məyusluq” ifadə etdiyini söyləyib.
ABŞ rəsmiləri gücün ayrı-ayrı bölgələrə bölünməsinə qarşı çıxdıqdan sonra ukraynalılar strategiyalarına düzəlişlər edərək Şərqi Zaporojyedə müdafiəyə keçiblər.
Bununla belə, nəşrin mənbələri iddia edir ki, Ukrayna Silahlı Qüvvələri cənuba cəmləşmiş hücum üçün hələ də çox səpələnmiş vəziyyətdədir. Mənbələr onu da qeyd edirlər ki, Ukraynanın kiçik bölmələrinin dar cəbhələrdə hücumları irəliləyişi ləngidir və rusiyalıların cavab vermək imkanlarını daha da artırır.
Nizami Bağırov