Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsini icra edən Valeri Zalujnı yanvarın əvvəlində postunu tərk etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Radio NV öz mənbələrinə istinadən məlumat
yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Zalujnı hələ bir neçə həftə əvvəl Kiyevdə olarkən istefa vermək istəyini Ukrayna Prezidenti Volodimir Zelenskiyə şəxsən bildirib.
Mənbələr qeyd edir ki, Zalujnı və Zelenski müxtəlif vəzifələri – Baş nazirdən tutmuş Prezident Ofisinin rəhbəri postuna qədər müzakirə ediblər, lakin Zalujnı həmin vaxt bu təkliflərə maraq göstərməyib. Digər mənbələr isə Zalujnının bir müddət ABŞ-dakı səfir və ya yenidən Silahlı Qüvvələrin baş komandanı vəzifəsi barədə düşündüyünü, lakin hələlik bu məsələdə yekun qərarın olmadığını bildirirlər. ABŞ-dakı səfirin dəyişdirilməsi ilə bağlı hələlik heç bir rəsmi danışıq aparılmır.
"Böyük ehtimalla Zalujnı Kiyevə qayıtmaq istəyir. Əgər qərarına təsir edəcək bir hadisə baş verməsə, o, gələn il yanvarın 4-5-də istefasını rəsmən elan edə bilər", – deyə mənbələrdən biri nəşrə bildirib.
Xatırladaq ki, Valeri Zalujnı 2024-cü il fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib. Üç ay sonra, mayın 9-da isə Ukraynanın Britaniyadakı səfiri təyin olunub.
Daha əvvəl Zalujnı müharibənin necə ədalətli yekunlaşmalı olduğu barədə fikirlərini bölüşmüşdü. O hesab edir ki, ədalətli sonluq dövlətin ərazi bütövlüyünün bərpası, Rusiyanın törətdiyi hərbi cinayətlərə görə cəzalandırılması və "bir daha heç bir təcavüzkarın Moskvadan Avropanı təhdid etməyəcəyinə" dair zəmanətlərin alınmasıdır.
Alpər
Şərhlər