Yeri dar haqq aşiqinin göyü var haqq aşiqinin haqq arar haqq aşiqinin qələm olan qolları
Bu misralar 58-də doğulub, 58-ini yaşayan Qardaşxandı.
O təkcə böyük arzular şairi deyil, həm də böyük ideallar naminə yaşayan vətəndaşdır:
Nə Təbrizdə, nə Qarsda, Nə Dərbənddə qalacaq; Bu gördüyün sərhədlər, Bu sədlər qalmayacaq .
Ondan ötrü ən böyük yaradıcılıq haqq yolunu tutmaq, insanlığa xidmət etməkdir:
haram yerlə halallaşıb haqq ilə üzbəüz gəlim nahaqla haqq hesab edib haqqı salama düz gəlim
Və o, “nahaqqa haqq verdiyini gözəl alar gözəl Allah” deyə haqqın qələbəsinə həmişə inanır.
sözü seçən kəslərə sözü keçən kəslərə düzü seçən kəslərə özü yar olan Allah
Həm söz adamı olub, həm də verdiyi söz üstündə durmaq bir şair ömrünü tükətsə belə, o, yolundan dönən deyil.
Bu qurban vətənin Qardaşxan adda Bir qurbanlığı da var ehtiyatda!
Və ya:
Qardaşxan Əziz də, Əziz Nesin də Hərəsi bir cürə qəm yiyəsidi. Fələyin gözü var hər ikisində, Qəm yeyəni bir gün qəm yeyəsidi. Söz onun üçün hər şeydən ucadadı. Yüksəyə yüksək əyilir Söz əyilməyir Allaha
Yaxud:
Üstümü unlu görüb, Adıma böhtan demə. Gözlərim ağ-qaradır, Hər rəngi ayırd edir. Pula pul deməyənlər Pula qul niyə oldu? Söz dedim, söz ağamdır, Sözümün ağasıyam!
Yaradana üz tutub, sözünə ilahilik diləyir.
Sözüm sözünə yovuşa ilahi düzüm alına sözüm sözünə qovuşa ilahi üzü alına Başqa bir şeirində istəyi: anam namaz üstədir aman zaman istəyim anam namaz üstə dur zaman üstü söz deyim
“Özüylə apardı yoxdu bir çöpündə gözüm olsun beşgünlük dünya beş arşın bezin də özünə qalsın” deyə həyatda gözütox bir ömür yaşayan Qardaşxanın bu qırımına da inanırıq.
Qardaşxan sözləri bir-birinə elə cilalayır ki, bir hərfə toxunsan, sözlər çiliklənəcək.
Boyun qəbrə düz gəlmədi boyunu ölçdülər bala yox fələyin oyunuydu oyunu ölçdülər bala
oyun qəbrə düz gəlmədi ən dərin quyu dibində toyunu ölçdülər bala toyun qəbrə düz gəlmədi
“Qardaşxan sözün rəngini mənzərəyə çevirib bütün sevdiklərinə qəzəbini yükləyə bilir” (Yaşar Məmmədli):
Qan qara ürək açılmır, Nə olsun ki yazdı, bacım; Di gəl bu qansız ağaclar Gör necə ürəkdən açıb!
Bu misraları Qardaşxan Qarabağ döyüşlərində orada olarkən yazıb. Bir millət olaraq 37-ci illərin ağrısını həmişə canımızda hiss etdiyimiz üçün şair bir vaxt yaşının 37-sini belə qarşılayıb: “İndi 37-yəm, 37-lərdənəm, 37-lərləyəm, 37 məndən keçir...”
Bütün yaradıcılıqları boyu ayrılıq, azadlıq nəğmələri oxumuş Məmməd Arazların, Söhrab Tahir AzərAzərlərin xələfi kimi yol gedən Qardaşxan şeirini bu çox şeyin tərs qoyulduğu bir zəmanədə görməmək də olur. Necə ki, bu misralardakı ağrını duymayıb da, şadlanmaq mümkün:
Laləliksən, bənövşəlik, Tək ağacsan, ya meşəlik, Hələliksən, həmişəlik, Dondan-dona girən həsrət?
Yaxud:
"Mart çıxdı, dərd çıxdı..." Nə namərd çıxdı, Gör neçə mart çıxdı, çıxmadı bu dərd!
“Nə verdim dünyaya, nə də istəyəm, Hər səhər beləcə, hər axşam belə” deyən Qardaşxan: “Bu dünyanı niyə gördüm ömrü cüt tək niyə sürdüm xış ağzına niyə verdim yaradandan alıb ömrü” deyə insanlığa gərəkli bir ömür yaşamaq istəyi ilə alışıb-yanır,– “Nə yapdım kütə verdin Bu təndir kimi, tale!”söyləyən, ”Bir üzü çarə olan hər üzü çarə olan hər üzü qara olan bir çarə qalıb indi”deyən Qardaşxan.
Onun bütün sevgilərinin başında Vətən eşqi dayanır: Xalq adı nə qədər uca addısa, Ondan da müqəddəs bir addı vətən. Hamını özündə xalq yaşatdısa, Xalqı da özündə yaşatdı vətən.
Doğma təbiətə sevgisi də bu yurd sevgisindən qaynaqlanır əslində və onun təbiətlə poetik təması oxucu üzünə qırxıncı tilsimli qapını açır:
Aylı bir gecədə, dumanda, çəndə Zirvəni dolaşıb ətəyə endim. Gəzdim ayaqyalın şehli çəməndə, Bulaq çayım oldu, ağ qırov- qəndim; O da bir gecəydi düşdüm eşqinə, Şahidim olmadı o gecə mənim. Mən bihuş gecənin mənzərəsindən, – Şəlalə lüt-üryan asılıb-qalıb; Açıq-saçıqlığın məngənəsində Qaranlıq abrına qısılıb-qalıb?!..
Belə misalların sayını artırdıqca qutsal poeziyanın sehrinə düşürsən:
Əvvəl dənə- dənə gecədən keçmiş, sonra narın- narın səhərə yaxın,– həyadan alışıb-yanan bir qıza utancaq oğlanın guya bilmədən toxuna bildiyi bir ehtiyatla yağışlar başladı, Payız başladı.
“Məni yüz boyalı qaş-göz ilə yox, Bir boyasız sözlə ovlamaq olar” –deyən Qardaşxanın qadına olan sevgisi platonikdir:
Keçdiyin yolları gəzirəm hər gün, Bəlkə izim düşə izlərin üstə.
Məcnunun Leyliyə sevgisidi, Leylisi bir addımlığında olanda Məcnun necə ondan qaçırsa, eləcə:
Bilsən sənsiz ölürəm, Yenə məndən uzaq gəz. Səninçin öldüyümü Seyr et gendən, uzaq gəz.
O, sevgilisinin verdiyi gülün solmasının belə acı təəssüfünü yaşayır (Tər-təzə manqal idi, Al-yaşıl tonqal idi, Çiçəkləri də yandı, Yarpaqları da yandı, Verdiyin gül də soldu), amma sevgisində öz canını fəda etməyə hazırdır:
Qardaşxan şeiri bizə həm də sevgidə dözüm, səbat “dərsi” verir:
Gül üzünə gözlərim Gün uzunu yol çəkir. Ürəyim tutur mənim Ölümümə qol çəkir, Mən səndən incimirəm.
Onun üçün sevgilinin varlığını ilğım kimi, üfüq kimi hiss etmək yetər, nəinki ona sahiblənmək.
Bağışla, ana hüznlüm, Sənə layiq kədərim yox, –
deyib sevgilinin hüznlü gözlərini seyr etmək, o ilahi kədərin qarşısında diz çökmək, onu bağrına basıb “göz yaşlarını dodağıyla silmək”dən daha gözəldir. Və yanlış yapmaqdansa, münasibətlərin ilkinliyinə xələl gəlməsin deyə ayrılmaq yey:
Nə gözəl ayrılıqdı, Ayrıldıq yanılmamış; Sən məni tanımamış Mən səni tanımamış...
Dilin sadə və təmizliyi, eyni zamanda sürətlilik, emosionallıq və yığcamlıq, nəhayət, obrazlılıq– Qardaşxan serinin başlıca cəhətləridir.
Ulduzlar ağ yalandır, Günəş– qırmızı yalan. Hamıdan yalançıdır, Hamıdan doğru olan.
Və ya:
Bu qapısız dünyada pəncərədən daş gələr pəncərəyə hər baxan öz daşına tuş gələr
...Qardaşxan həmişə əla oxuyub–orta məktəbdə, ali məktəblərdə... Ən çətin məktəb olan həyat imtahanını da alnıaçıq verən Qardaşxan ildırımının (“Bu çaxan– qarşı dağındı, Bu çaxan – qonşu bağındı... Gör necə mənə yaxındı,– Bu mənim ildırımım”) poeziyada daha güclü bir işıqla gur çaxacağına və onun böyük sənətdə müvəffəq olacağına inanmaq istərdik.