"Zaxarovanın son çıxışı göstərir ki, Rusiya Ermənistanı öz tərəfinə çəkmək üçün ona münasibətdə artıq sərt gücdən əl çəkib, yumşaq güc taktikasına keçmək fikrindədir. Amma bu yumşaq güc siyasəti də Moskvanın istədiyi effekti verməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Moskvanın ikitərəfli münasibətləri əhatə edən informasiya mühiti də daxil olmaqla, İrəvanın bütün potensial narahatlıqlarını müzakirə etməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Zaxarovanın son brifinqdə Ermənistan barədə dedikləri həmin ölkə haqqında bu vaxta qədər deyilənlərdən fərqlənir:
"Buna qədər Rusiya rəsmiləri Ermənistan barədə danışarkən əsasən hədə-qorxu, şantaj siyasətindən istifadə edirdi. Zaxarovanın son açıqlaması isə İrəvana münasibətdə Rusiyanın yumşaq güc siyasətinin elementləridir. Bu fonda da əvvəlki hədə-qorxu, şantaj siyasətindən əsər-əlamət görünmür".
Bu dəyişiklik isə politoloqa görə, Rusiyanın siyasi dairələrində Ermənistana qarşı gücdən istifadənin, tam ləğv olunmasa da, artıq arxa plana keçirildiyinin göstəricisi sayıla bilər:
"Amma Zaxarova bu açıqlamasında İrəvanın qarşılaşdığı problemləri konstruktiv şəkildə həll etməyə hazır olduqlarını vurğulamır. Düşünürəm ki, bu vəziyyət Ermənistanı qane etmir. İrəvan qarşılaşdığı problemləri təkcə müzakirə etmək deyil, eyni zamanda, onların həll edilməsi məqsədini də güdür. Rusiya isə hazırki situasiyada bu problemləri həll etmək gücündə deyil".
Həmsöhbətimiz düşünür ki, Zaxarovanın bəyanatı sadəcə bəyanat olaraq da qalacaq, İrəvan buna ciddi reaksiya verməyəcək:
"Ermənistana problemlərini həll etməyə yardım edən digər qüvvələr mövcuddur, bunlar ABŞ və Avropa İttifaqıdır. ABŞ Cənubi Qafqazda Azərbaycanın rolunu yüksək qiymətləndirərək, regiondakı problemlərə ümumi problem kimi baxmağa başlayıb. Ona görə də ABŞ həmin istiqamətdə uğur qazandı".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Ermənistan üçün etibarlı müttəfiq olaraq qaldığını və ikitərəfli münasibətləri əhatə edən informasiya mühiti də daxil olmaqla, İrəvanın bütün potensial narahatlıqlarını müzakirə etməyə hazır olduqlarını bəyan edib.
Bu günə qədər isə rəsmi Moskva İrəvana münasibətdə ümumən hədə-qorxu, şantaj dilində danışırdı. Elə XİN sözçüsü Zaxarovanın dilindən dəfələrlə Ermənistana qarşı kəskin ifadələrin şahidi olmuşuq. Amma indi Kreml sanki yumşaq dillə danışmağa üstünlük verir.
Rüfət Sultan
Şərhlər