Xəbər lenti

Zelenski 27 noyabra kimi
Dünya 13:58 21.11.2025

Zelenski 27 noyabra kimi "kapitulyasiya" planına razılıq verəcək?

"Sənəd beynəlxalq hüquqa əsaslanmır. Ona görə də Kiyev və Brüssel planı qəzəblə qarşılayaraq, sənədə razılıq verməyəcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ukraynanın Donald Trampın 28 bəndlik sülh planına hansı reaksiya verəcəyini şərh edərkən deyib. 

Ekspert deyir ki, ABŞ tərəfindən təklif olunan sülh planı Ukraynanın kapitulyasiya aktı kimi anlaşıla bilər:

"Ədalətsiz yanaşmadır. Çünki burada Ukraynanın mənafeyini qoruyan bir maddə belə yoxdur. Trampın bu sülh planı sahədəki reallığa əsaslanır və burada ancaq Vaşinqtonla Moskvanın maraqları öz əksini tapıb".

Konfliktoloq qeyd edib ki, plan Ukrayna torpaqlarının Rusiya tərəfindən aneksiyasını legitimləşdirməyə xidmət edir:

"Tramp bu planı sanki Putinin diktə etdiyi şərtlər əsasında tərtib edib. Ukrayna xalqı və hakimiyyəti belə bir alçaldıcı sülh planına razılıq verməyəcək. Təsadüfi deyil ki, Kiyevin BMT-dəki təmsilçisi açıq şəkildə Ukrayna torpaqlarının satılmadığını bildirib. Plan Avropa İttifaqı ilə də razılaşdırılmayıb. İttifaq təmsilçiləri planı düzgün olmayan plan kimi qiymətləndiriblər. Ona görə ki, həmin sənəd Avropa üçün də təhdid yaradır. Onun qəbulu Rusiyanın yaxın və orta perspektivdə daha böyük imperial ambissiyalarda bulunmasına gətirib çıxaracaq. Nəticədə Avropa öz müdafiə qüdrətini özü hesabına gücləndirmək qənaətinə gələcək. Almaniya, Fransa, Böyük Britaniya öz müdafiə qüdrətlərini artırmaq yolunu tutublar".
 


Həmsöhbətimizin fikrincə, Tramp nə qədər təzyiq etsə də, sülh müqaviləsini ucuz qiymətə sata bilməyəcək: 

"Sanki Tramp sülh müqaviləsini ucuz qiymətə əldə etmək istəyir. Ancaq o, buna nail ola bilməyəcək. Çünki sənəd beynəlxalq hüquqa əsaslanmır. Kiyev və Brüssel qəzəblə qarşılayaraq, sənədə razılıq verməyəcək”. 

Üzeyir Şəfiyev düşünür ki, 28 maddəlik plan Trampın uğuru deyil, uğursuzluğu olacaq: 

"Çünki işlək sülh planı olmayacaq. ABŞ prezidenti növbəti dəfə taktiki səhvlərə yol verir. Belə taktiki səhvlər isə ona strateji hədəflərə çatmaqda əngəl olacaq".

Qeyd edək ki, Ukraynada sülhə nail olmaqla bağlı 28 bəndlik planı təqdim edən Tramp adminstrasiyası Kiyevin ona müsbət yanaşacağına ümid etdiyini bildirib. Onlar iddia edirlər ki, Ukrayna prezidenti Volodimir Zelenski növbəti həftənin cümə axşamına – 27 noyabr, Müstəqillik (Şükranlıq) Gününədək sülh planına rəsmən razılıq verəcək. Ukrayna rəsmilərinin məlumatına görə, Vaşinqton bu ayın sonunda sazişin layihəsini Moskvaya təqdim etməyi və prosesi dekabrın əvvəlində tamamlamağı planlaşdırır.

Bu açıqlama Tramp adminstrasiyasının planı qəbul etmək üçün Kiyevə güclü təzyiq etdiyini göstərir. Hələlik Kiyev rəsmi şəkildə plana münasibət bildirməyib. Belə görünür, Ukrayna məsələ ilə bağölı növbəti dəfə Avropa İttifaqının da mövqeyini öyrənmək istəyir. 

Xatırladaq ki, 28 bəndlik planda Ukraynanın Donetsk, Luqansk və Krımdan imtina etməsi nəzərdə tutulur. Bundan başqa, Kiyev NATO-ya üzv ola bilməz. Ukrayna ordusunun sayını da azaltmalı, rus dilini dövlət dili səviyyəsinə qaldırmalı, rus Provaslav Kilsəsi üçün də geniş imkanlar tanımalıdır.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->