"Zelenski siyasətçidir və reallıqla hesablaşmalıdır. O, danışıqlara hazır olduğunu deyəndə nəzərə alır ki, Ukraynaya dəstək verən dövlət və siyasətçilər də danışıqların tərəfdarıdır. Belə şəraitdə Zelenski danışıqlara tərəfdar olmadığını deyə bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
"Zelenski gözəl bilir ki, heç bir danışıq alınmayacaq. Alınsa da, nəticə verməyəcək", deyə politoloq əlavə edib.
Həmsöhbətimiz Ukrayna müharibəsindən ABŞ başqa olmaqla Qərbin həqiqətən də böyük qazancıar əldə etdiyini də bildirib:
"Zelenski ABŞ və Qərb dövlətlərinin Ukrayna müharibəsilə zəngin döyüş təcrübəsi və böyük gəlir əldə etdiklərini deməsində də haqlıdır. Bu ittiham deyil. 3 ildir davam edən müharibədə Qərb, ilk növbədə ABŞ Ukraynaya xeyli sayda köhnəlmiş, işlənmiş, bəzi hallarda hətta yararsız silahlar verib. Əvəzində öz orduları üçün yeni silahlar istehsal ediblər. Nəticədə də silah istehsal edən şirkətlər böyük gəlir əldə ediblər".
Politoloqun fikrincə, müharibədə xeyli sayda yeni hərbi texnologiya və döyüş taktikasından istifadə edilib:
"İlk növbədə dronlardan və radioelektron mübarizə vasitələrindən geniş istifadə olunub. Bunlar yeni döyüş təcrübəsidir ki, ABŞ, Avropa orduları da bunlardan istifadə edib. Müharibə dövründə rus ordusu da inkişaf edib, onlar da yeni döyüş texnikası tətbiq edir, yeni silahlar istehsal edirlər. Zelenski də olanları deyib. Ukrayna böyük itkilər verib. Ölkənin iqtisadiyaytı ağır durumdadır. Əhalinin 1/3-i ölkədən qaçıb. Müqavimət əzmi də zəifləyir. Belə vəziyyətdə Zelenski də olanı deyir".
Qeyd edək ki, son zamanlar Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamalarında ritorikanın dəyişdiyi müşahidə olunur. O, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində Putinlə danışıqlar masası arxasında oturmağa hazır olduğunu deyib:
"Bu, sülhə nail olmağın yeganə yoludursa, o zaman Rusiya prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazıram. Əgər bu, yeganə konfiqurasiyadırsa, o zaman ukraynalılar üçün sülh əldə etmək və insanları itirməmək naminə biz buna gedəcəyik".
Ukrayna lideri həmçinin qeyd edib ki, ABŞ Ukraynadakı müharibədən milyardlarla gəlir və əvəzsiz döyüş təcrübəsi əldə edib. Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri bağlayıblar:
"Bütün Avropa ölkələrinin buna tələbatı var. İnsanlar qorxurlar. Bu, nəhəng pullardır. Amerika şirkətləri hətta lisenziyalardan da milyonlar qazanıblar, çünki onların Avropada ofisləri var. Ona görə də bu, milyardlarla gəlir deməkdir".
Bundan əlavə, dövlət başçısı Ukraynada inkişaf etdirilən texnologiyaların Qərb ölkələrinin istifadəsinə verildiyini vurğulayıb. Onun dediyinə görə, xüsusilə Birləşmiş Ştatlar müasir genişmiqyaslı quru müharibəsində təcrübə qazanıb. Özü də təkcə kəşfiyyat məlumatlarından deyil, həm də Amerika silahlarından istifadə edən hərbçilərin təcrübəsindən yararlanıb.
Rüfət Sultan
Şərhlər