"Putinin Moskvadan kənarda özü, Tramp və Zelenski ilə birgə üçtərəfli görüşə razılıq verəcəyinə inanmıram".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinlə birgə üçtərəfli görüşə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
"Amma hər halda bu ehtimalı da nəzərdən keçirmək olar. Zelenski də təbii ki, danışıqlar üçün Moskvaya gəlməyəcək. Putin də Kiyevə getməyəcək. Putin Çinə gedə bilər, ancaq Trampın ora gedəcəyi sual doğurur", deyə ekspert bildirib.
Həmsöhbətimizin fikrincə, belə üçtərəfli görüş hardasa ərəb ölkələrindən birində mümkün ola bilər:
"Lakin bütün hallarda mövcud şəraitdə Putinin Trampın iştirakı ilə olsa da belə, Zelenski ilə danışıqlara gedəcəyinə inanmıram".
Ancaq bununla belə, ekspert danışıqlarla bağlı proses ətrafında hər şey ola biləcəyi ehtimalını da istisna etmir:
"ABŞ və Rusiya liderlərində məntiqi düşüncə və məntiqi hərəkət elementlərini sezmək çox çətindir. Zelenski isə elə vəziyyətdədir ki, bir neçə məqamı çıxmaq şərtilə, nə desələr, hamısı ilə razı olacaq".
Qeyd edək ki, Ukraynanın dövlət başçısı Volodimir Zelenski mətbuata açıqlamasında ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə heç bir şərt olmadan görüşməyə hazır olduğunu bildirib. "Mən Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda heç bir şərt olmadan görüşməyə hazıram", deyə Ukrayna Prezidenti vurğulayıb.
O, belə bir görüş üçün Moskvaya getməyə hazır olmadığını təkrar edərək, danışıqların başqa ölkədə aparıla biləcəyini qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Tramp Ukrayna və Rusiya dövlət başçılarını özünün də iştirakı ilə üçtərəfli görüş keçirməyə çağırdı. Hələlik Moskva bu çağırışa hər hansı bir reaksiya bildirməyib. Zelenski isə göründüyü kimi, üçtərəfli formatda görüşə hazır olduğunu bəyan edib.
Rüfət Sultan
Şərhlər