Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.
Qaynarinfo xəbər verir ki, bunu əvvəlcə Almaniyanın "Bild” tabloidinin jurnalisti Paul Rontsheimer Twitter-də
daha sonra isə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.
Jurnalistin sözlərinə görə, Ştaynmayerin ofisi "tərəflər keçmişi geridə qoymağa və gələcək əməkdaşlığa diqqət yetirməyə razılaşıblar” deyib.
Eyni zamanda, Yermak telefon danışığının baş tutduğunu təsdiqləyib.
"Ukrayna prezidenti Volodimir Zelenski ilə Almaniya prezidenti Frank-Valter Ştaynmayer arasında həqiqətən də bu gün telefon danışığı baş tutub. Almaniya Ukraynanın güclü müttəfiqi olaraq qalır. Təfərrüatlar barədə rəsmi açıqlama veriləcək. Yalnız onu deyə bilərəm ki, rusların Ukraynaya dəstək üçün Avropanın birliyinin parçalanması ümidi əbəsdir”, - Yermak bildirib.
Xatırladaq ki, aprelin 12-də Ştaynmayer Varşavada olarkən bildirib ki, Kiyev rəhbərliyi onun Ukraynaya səfərini rədd edib.
"Bild” yazır ki, Ştaynmayer Rusiya ilə sıx əlaqələri olduğuna görə onu Kiyevdə görmək istəməyiblər. Eyni zamanda, siyasətçinin özü də Rusiyanın Ukraynaya təcavüzündən sonra Putinin hərəkətlərini pisləyib və hətta Rusiya Federasiyasının siyasi rəhbərliyinin tribunala çıxarılmasını istəyib.
Nizami Bağırov