Ukrayna prezidenti Volodimir Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında ötən ilin yayında başlayan münaqişə uğursuz əks-hücumdan sonra "açıq qarşıdurmaya” çevrilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna hökumətindəki yüksək səviyyəli mənbə "The Economist”ə
bildirib.
Onun sözlərinə görə, hazırda aralarındakı münasibəti "dəhşətli” adlandırmaq olar. Üstəlik, böyük ümidlər bəslənilən əks-hücum "plan üzrə getmədiyindən” münaqişənin özü "proqnozlaşdırılan” idi.
Vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zelenskinin daha optimist ictimai bəyanatlarına zidd olaraq "düzgün hərəkət etməyərək” daha da gərginləşdirib. Həmsöhbət qeyd edib ki, bununla belə, Ukrayna hökumətində çox az adam onun real qiymətləndirmələrində və qənaətlərində səhv tapa bilər. Onun sözlərinə görə, indi uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürmək cəhdində qarşılıqlı ittihamlar var.
"Siyasətçilər deyirlər ki, onların generalları Sovet dövründə təhsil almış axmaqlardır. Generallar isə deyirlər ki, siyasətçilər onların işinə qarışan axmaqlardır. Qələbənin çoxlu atası olur, amma heç kim çıxılmaz vəziyyətin valideyni olmaq istəmir”, deyə mənbə izah edib.
"The Economist” xatırladır ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı da Ukraynanın cənubunun "təslim edilməsi” ilə bağlı cinayət işində şahiddir, lakin onun statusu dəyişə bilər. Mənbələrin bildirdiyinə görə, cinayət təqibi hədəsi Zalujnını "əldə saxlamaq” məqsədi daşıyır. Eyni zamanda, Ukrayna Baş Qərargahında həmsöhbət qeyd edib ki, Zalujnı özünü cinayət təqibindən sığortalamaq üçün mediada aktiv danışır.
Eyni zamanda, Zalujnı heç vaxt siyasi ambisiyalarını bəyan etməyib. Lakin "The Economist”in yazdığı kimi, 2024-cü ilin martında seçki keçirməkdən imtina edən və dalana dirənmiş Rusiya ilə müharibənin sonuna qədər hakimiyyətini əlində saxlayacağını gözləyən Ukrayna lideri Silahlı Qüvvələrin populyar baş komandanın rəqabətindən qorxa bilər.
Nəşr daxili ictimai rəy sorğusuna istinad edir. Sorğuya görə, "korrupsiya ilə ləkələnmiş” Zelenskiyə inam 32%-ə düşüb, Zalujnının etibar reytinqi isə 70%-ə yüksəlib. Eyni zamanda, hətta Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun reytinqi Zelenskidən yüksək olub və 45%-ə çatıb. Qeyd olunur ki, sorğu Ukraynada noyabrın ortalarında aparılıb, lakin bunu hansı xidmətin apardığı və onun hansı əhatə dairəsi olduğu göstərilməyib.
Nizami Bağırov
Şərhlər