Xəbər lenti

Zelenski niyə narahatdır? (ŞƏRH)
Dünya09:31 07.07.2023

Zelenski niyə narahatdır? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna lideri Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib ki, o, daha tez əks-hücum əməliyyatı keçirməyi təklif edib və bunun üçün ABŞ və Aİ-dən silah və sursat istəyib, lakin çatdırılmadakı gecikmələrə görə Kiyev və onun Qərb müttəfiqləri Rusiyaya müdafiəni gücləndirməyə şərait yaradıblar: 
"Bizi dəstəkləyən lider kimi ABŞ-a minnətdaram. Amma mən onlara, eləcə də Avropa liderlərinə dedim ki, biz əks-hücum əməliyyatını daha tez başlamaq istərdik və bunun üçün bizə bütün silah və sursat lazımdır. Niyə? Çünki gec başlasaq, daha yavaş hərəkət edəcəyik”, deyə Zelenski bildirib. 
Onun sözlərinə görə, "hamı başa düşürdü” ki, əks-hücum sonradan başlasa, o zaman "əraziləri çox hissəsi minalanacaq”. 
"Biz düşmənimizə daha çox mina yerləşdirmək və müdafiə xətlərini hazırlamaq üçün vaxt və imkan veririk”, deyə Ukrayna prezidenti izah edib. 
"İndi bəzi ərazilərdə Ukrayna Silahlı Qüvvələri "hücuma başlamaq haqqında belə düşünə bilməz”, çünki onların "uyğun silahları” yoxdur”, deyə Zelenski qeyd edib.
O əlavə edib ki, döyüş meydanındakı bütün bu çətinliklər əks-hücumun ləngiməsinə gətirib çıxarır. Xatırladaq ki, iyulun əvvəlində Zelenski Ukrayna qoşunlarının ləng irəliləyişini güclü yağışlarla əlaqələndirib.
Bununla belə o qeyd edib ki, Kiyev əks-hücum əməliyyatının nəticələrini iyulun 11-də Vilnüsdə başlayacaq NATO sammitinə qədər göstərmək istəyir. Qeyd edək ki, Ukrayna ərazilərin azad edilməsi üçün genişmiqyaslı hücuma iyunun 4-də başlayıb. Üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, Ukrayna tərəfinin məlumatına görə, silahlı qüvvələr Zaporojye, Xerson və Donetsk vilayətlərində 160 kv.km-dən çox ərazini Rusiya işğalından azad etməyə müvəffəq olublar. Bu da istər-istəməz hücum tempinin zəif getdiyindən xəbər verir.
Görünür, Zelenski də əks-hücum əməliyyatının çətin və ləng getdiyini nəzərə alaraq, mövcud vəziyyətə görə günahkar qismində Qərbi ittiham etməklə, əməliyyat gözlənilən nətəcələri vermədiyindən gələcəyin ağır nəticələrindən özünü sığortalamaq istəyib. Belə ki, əks-hücum əməliyyatının ləng getməsi istər-istəməz Ukrayna cəmiyyəti və Ordusunda müəyyən qədər ruh düşkünlüyü yarada bilər. Belə olan halda isə Zelenskiyə olan etimadın zəifləyəcəyi də istisna deyil. Məhz özü üçün yarana biləcək bu təhlükədən sığortalanmaq üçün Zelenski Kiyevin əks-hücuma daha tez başlamaq istədiyi, Qərbin isə buna imkan vermədiyini bəyan edib. Birmənalı şəkildə Zelenskinin sözügedən açıqlaması məhz bu məqsədə xidmət edir. Ukrayna Prezidentinin bu açıqlaması həm də onun təsdiqidir ki, əks-hücum əməliyyatı Kiyev üçün lazım olan nəticəni verməyəcək.
Rüfət Sultan