Ukraynada yaşanan dəhşətlərin dayandırılması üçün Rusiya ilə oynamağı dayandırın.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti video müraciətində
deyib.
Avropa İttifaqının Rusiya neftinə embarqo qoymasının uzandığı və minlərlə rus əsgərinin Ukryananın şərqində iki şəhəri - Severodonetsk və Lisiçanskı mühasirəyə almağa çalışdığı vaxtda Zelenskinin Qərbə qarşı ittihamları artıb.
Qərb hərbi analitikləri ötən həftə Mariupolda Ukrayna qarnizonunun təslim olmasından sonra Severodonetsk və Lisiçansk uğrunda döyüşü müharibədə mümkün dönüş nöqtəsi kimi görürlər.
"Ukrayna əyilməyəcək və hər zaman müstəqil dövlət olacaq. Yeganə sual budur ki, xalqımız öz azadlığı uğrunda hansı bədəli ödəyəcək və Rusiya bizə qarşı bu mənasız müharibə üçün hansı bədəli ödəyəcək", - deyə Zelenski bildirib.
Ukrayna prezidenti Rusiyaya qarşı daha ciddi durmaqla Ukraynada yaşananları önləməyin mümkün olduğunu deyib.
"Əgər dünya Ukraynadakı vəziyyətə özünün başına gəlmiş kimi yanaşsa, güclər Rusiya ilə oynamasalar, həqiqətən də müharibəni bitirmək üçün təzyiq göstərsələr, baş verən fəlakətli hadisələr hələ də dayandırıla bilər”,- o deyib.
Zelenski həmçinin Avropa Birliyi daxilində Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı fikir ayrılıqlarından şikayətlənib və bəzi ölkələrin planı əngəlləməsinə nə üçün icazə verildiyini soruşub.
Zelenski deyib ki, Rusiya Avropaya satdığı enerji üçün 27 ölkədən gündə bir milyard avro alır.
"Avropa İttifaqına altıncı paketi razılaşdırmaq üçün daha neçə həftə lazımdır?" – o deyib.
"Rusiyaya təzyiq sözün əsl mənasında insanların həyatını xilas etmək məsələsidir. Hər gün süründürməçilik, zəiflik, müxtəlif mübahisələr və ya təcavüzkarı qurban hesabına "sakitləşdirmək" təklifləri sadəcə olaraq daha çox ukraynalının öldürülməsi deməkdir".
Nurlan Hüseynov