"Zelenski heç bir güzəşt təklifini qəbul etməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ səfəri ilə bağlı rəsmi bəyanatlarda deyilənlərin əksinə olaraq, Co Baydenlə görüşdə tamam fərqli fikirlərin səslənməsi ehtimalına toxunarkən deyib.
"ABŞ Zelenskidən Rusiyaya hansısa güzəştlərə getməyi tələb etsəydi, o, Kiyevə qayıtmaya bilərdi. Çünki Ukrayna xalqı heç bir güzəşti qəbul etməyəcək. Ukrayna xalqı və ordusu təslimçiliyi heç kəsə bağışlamaz. Buna görə də, Zelenski bütün güzəştləri rədd edir.
Qərb dünyasında plüralizmdir, müxtəlif fikirlər var. Kimsə barış axtarılmasının, qan tökülməsinə son qoyulmasının vacib olduğunu deyir. Digərləri isə Rusiya məğlub olana qədər mübarizə aparılmasının tərəfdarıdır. Zelenskinin ABŞ-a səfəri fonunda rəsmi bəyanatlarda deyilənlərin əksinə olaraq Ukrayna prezidentilə görüşdə güzəştlərdən danışılıb-danışılmadığı barədə bir söz demək çətindir. Amma onu qəti bilirəm ki, Zelenski heç bir güzəşt təklifini qəbul etməz. Bütün torpaqlar azad edilməyincə, döyüşmək Ukrayna xalqının qəti mövqeyidir”.
Rüfət Sultan