Müharibələr yalnız dağıntı gətirmir, eyni zamanda daxili idarəetmədə ciddi problemlər yaradır. Bu və ya digər hərbi əməliyyatlarda üstünlük qazana bilməyən liderin ölkə daxilində nüfuzu aşağı düşür. Belə vəziyyətdə həmin ölkə rəhbəri ya istefa verməli olur, ya da onu devirirlər.
Hazırda öz torpaqları uğrunda mübarizə aparan Ukrayna prezidenti Volodimir Zelenski də çətin vəziyyətdədir. Belə ki, Rusiya böyük itkilər hesabına olsa da, tədricən Ukraynanın cənub və şərqində həbi üstünlüyə yiyələnir. Kiyev isə əsasən müdafiə mövqeyi sərgiləyir. Düzdür, Ukrayna tərəfi bəyan edir ki, "lend-liz”in sayəsində Qərbdən hərtərəfli dəstəyi alandan sonra əks-hücuma keçəcək. Ukrayna siyasətçiləri bildirirlər ki, yaxın zamanlarda Rusiya müdafiəyə keçməyə vadar olacaq.
Müharibənin əvvəlində Rusiya Zelenskini devirmək üçün Ukrayna daxilində ona qarşı güclü təbliğat aparmağa çalışırdı. Ancaq proses əksini göstərdi. Qərbdən güclü dəstək alan Zelenskinin mövqeyi müharibə dövründə daha da gücləndi. Bu mənada aydındır ki, Rusiya indiki şəraitdə Ukrayna prezidentini devirə bilməyəcək. Amma müharibənin gedişində Ukrayna üçün daha çətin vəziyyət yaranacağı təqdirdə, ölkədə Zelenski əleyhinə təbliğat da başlaya bilər. Lakin unutmaq olmaz ki, Zelenski Qərbin himayəsi altındadır və onu devirmək elə də asan deyil.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Turan Rzayev də düşünür ki, hərbi üstünlük əldə etməsə belə, Ukrayna daxilində indiki mərhələdə Zelenski əleyhinə təbliğat və narazılıq baş qaldırmayacaq:
"Bu, Zelenskinin nə dərəcədə çətinliyə düşməsindən asılıdır. Prinsip etibarı ilə Ukraynanın vəziyyəti çətindir. Buna baxmayaraq, Zelenski heç vaxt qaçaraq bunkerdə və yaxud Avropada gizlənməyib. Bu baxımdan, onun ölkə daxilində nüfuzu çox yüksəkdir. Xalq ona milli xilaskar kimi baxır. İndiki məqamda ölkədə Zelenski əleyhinə hansısa təbliğatın başlana biləcəyini düşünmürəm. Bu mənada prosesin bir və ya iki ilədək uzanması belə Ukrayna daxilində hakimiyyətdən narazılıqlara rəvac verməyəcək. Qərb də buna imkan verməz. Onlar Ukraynadakı qərbpərəst liderə qarşı hər hansı bir etirazın baş qaldırmasına göz yuma bilməzlər. Əgər Zelenski Bəşər Əsəd kimi ciddi səhvlərə yol versə, xalqın narazılığına tuş gələ bilər. İndiki halda isə Ukrayna xalqına Zelenski kimi xilaskar lazımdır. Onun yoxluğu isə Ukraynanın Rusiya qarşısında müqavimətini zəiflədə bilər”.
Rüfət Sultan