Ukraynaya silah tədarükü məsələsində Avropa tərəfdaşlarından analoji silahların alınması və ya əldə edilməsi imkanlarını qiymətləndirmək vacibdir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Telegram kanalında
yazıb.
"Silah tədarükünə gəldikdə... Əvvəla, hansı proqramların dayandırılacağını qiymətləndirmək lazımdır. Çünki bir çox proqramlar artıq başa çatmaq üzrə idi. Həmçinin Konqresdə təsdiqlənmiş və xüsusi hüquqi prosedurlara malik proqramlar var", – deyə o vurğulayıb.
Bundan əlavə, Podolyak qeyd edib ki, ilk növbədə Avropa tərəfdaşlarından alternativlərin alınması və ya əldə edilməsi imkanları nəzərdən keçirilməlidir:
"Üstəlik, əvəzetmə proqramları artıq işə düşüb".
O, həmçinin xatırladıb ki, Ukrayna daha əvvəl də ABŞ tərəfindən hərbi dəstəyin uzun müddətə dayandırılması təcrübəsini yaşayıb və belə vəziyyətlərə uyğunlaşmağı bacarır. Podolyak əlavə edib:
"Ona görə də biz mövcud imkanları, tərəfdaşlarla əməkdaşlıq çərçivəsində əldə edə biləcəklərimizi və kommersiya bazarlarında tapa biləcəyimizi diqqətlə təhlil edirik. Avropa tərəfdaşlarımızla müzakirələr aparırıq. Və, əlbəttə ki, Amerika tərəfdaşlarımızla danışıqlar imkanlarını da nəzərdən keçiririk".
Xatırladaq ki, bundan əvvəl Bloomberg agentliyi ABŞ Müdafiə Nazirliyindəki yüksək rütbəli rəsmiyə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Tramp Pentaqona Ukraynaya bütün hərbi yardımı dayandırmağı əmr edib.
Agentliyin mənbəsinə görə, bu qərar Ukrayna hakimiyyətinin "sülhə sadiqliyini səmimi şəkildə nümayiş etdirməsinə" qədər qüvvədə qalacaq.
Bundan əlavə, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü, "Xalqın Xidmətçisi" partiyasının deputatı Fyodor Venislavski bildirib ki, Ukraynanın ABŞ-ın dəstəyi olmadan təxminən yarım il "tab gətirmək gücü" var. Bununla belə, hazırda kritik əhəmiyyətli silahların alternativ mənbələrdən tədarükü üçün iş aparılır.
Alpər
Şərhlər