Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək qərarı bir sıra səbəblərə görə verilib. Onlardan biri də taktikaya yenidən baxılması zərurətidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofsinin rəhbərinin müşaviri Mixail Podolyak "Telegram"da məlumat yayıb.
O xatırladıb ki, prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin sistemli şəkildə yenilənməsini həyata keçirmək, o cümlədən baş komandanı dəyişmək qərarına gəlib.
"Qərar, ötən il istənilən nəticəni tam təmin etməyən fəaliyyət taktikasına yenidən baxılması, cəbhə xəttində ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərən durğunluğun qarşısını alınması zərurəti ilə bağlıdır", deyə Podolyak yazıb.
O, səbəblər arasında təşəbbüsü saxlamaq və inkişaf etdirmək üçün yeni funksional və yüksək texnoloji həllərin tapılması zərurəti, eləcə də orduda idarəetmə prinsiplərinin islahatı prosesinin başlanmasının vacibliyini də vurğulayıb.
Nizami Bağırov