"Qarşıdurmanın güclənməsinə yol verməmək üçün Bdzina İvanişvili bundan sonra Salome Zurabişvili ilə yumşaq davranmağa üstünlük verəcək və onu həbs etməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov dekabrın 29-dan sonra postunu tərk etməli olan Gürcüstan prezidenti Salome Zurabişvilini də sabiq prezident Mixail Saakaşvilinin aqibətini gözləyib-gəzləmədiyi barədə suala cavablnda deyib.
Əlimusa İbrahimov bildirib ki, Suriyada baş verən hadisələr fonunda Gürcüstandakı proseslərə diqqət bir qədər zəifləyib:
"Bu Cənubi Qafqaz ölkəsində baş verən hadisələr sanki arxa plana keçib. Amma düşünürəm ki, bu müvəqqətidir. Gürcüstan Avropa İttifaqı və ABŞ-ın maraqlarını daha çox özünə çəkir, nəinki Suriya. Gürcüstanda Qərb və ABŞ-ın regionda sonrakı münasibətlərinin taleyi həll olunur. Gürcüstanda sakitlik haqqında danışmaq hələ tezdir. Gürcüstan 14 dekabrda yeni prezidenti seçdi. Yeni prezidentin andiçmə mərasimi ilin sonu üçün nəzərdə tutulub. Heç şübhəsiz yeni prezident seçilmiş Mixail Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək və vəzifəsinin icrasına başlamaq üçün mandat alacaq. Burada Gürcüstan iqtidarı üçün əsas problem Salome Zurabişvilinin öz vəzifəsini tərk etməyəcəyi barədə verdiyi bəyanatlardır. O, prezidentlik kürsüsündən möhkəm yapışaraq, onu buraxmaq istəmir. Hətta gürcü siyasətçiləri arasında lətifə gəzir ki, prezident kreslosunu ona bağışlamağı düşünürlər".
Ekspertin fikrincə, Zurabişvilini həbs etməsələr hakimiyyət ya prezident iqamətgahını dəyişməli olacaq, ya da bir aparatda iki prezident fəaliyyət göstərəcək:
"Bu səbəbdən indi Gürcü Arzusu Partiyası dilemma qarşısındadır. Salome Zurabişvilini həbs etsinlər, yoxsa fəaliyyətlərini həbs qəti imkan tədbiri seçmədən davam etdirsinlər. Onu həbs etməsələr hakimiyyət prezident iqamətgahını dəyişməyə məcbur ola bilər. Çünki bir aparatda iki prezidentin fəaliyyət göstərməsi baş verərsə, bu tarixdə hələ görünməyən bir hadisə olacaq".
Əlimusa İbrahimov düşünür ki, qarşıdurmanın güclənməsinə yol verməmək üçün Bdzina İvanişvili bundan sonra keçmiş prezidentlə olduqca yumşaq davranmağa üstünlük verəcək:
"Çünki Salome Zurabişvilinin həbsi siyasi qarşıdurmanı daha da gücləndirə bilər. Digər tərəfdən, onun həbsi gündəlikdə olsaydı, bu addım çoxdan atılardı. Zurabişvili həbs edilmək üçün çoxdan səbəb qazanıb. Onu həbs etmək istəsəydilər, indi o artıq həbsxanada olmalı idi. Sözsüz ki, prezidentlik dövrü bitdikdən sonra Salome Zurabişvilinin həbs olunması bir qədər asanlaşacaq. Amma istənilən halda "Gürcü Arzusu" bu məsələdə həbssiz ötüşmək fikrindədir".
Qeyd edək ki, dekabrın 29-da Salome Zurabişvili prezidentlik vəzifəsini tərk etməlidir. Onun səlahiyyət müddəti yeni prezident Mixail Kavelaşvilinin andiçməsindən sonra bitəcək. Lakin görünən odur ki, o, bunu etmək niyyətindən uzaqdır. Ən azından verdiyi açıqlamalarda vəzifəsini tərk etməyəcəyini bəyan edir. Bu mənada "Gürcü Arzusu" hökuməti də son sınaq qarşısındadır. Bu arada Gürcüstanın baş naziri İrakli Kobaxidze Zurabişviliyə xitabən bildirib: "Görəcəyik ki, o, həyatını harada, dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda davam etdirəcək”.
Bu açıqlama isə Zurabaşvilinin də digər sabiq prezident Saakaşvilinin taleyini yaşaya biləcəyi ehtimalına gəlir.
Rüfət Sultan
Şərhlər