"Gürcüstandan rəsmilərin deyil, təkcə hakimiyyətdən gedən Salome Zurabişvilinin Donald Trampın andiçmə mərasiminə dəvət olunması yeni ABŞ adminstrasiyasının da "Gürcü Arzusu" hökumətilə iş birliyinə getməyəcəyinə siqnalıdır. Bu həm də Zurabişvilinin gözlənilən həbsdən qaçmasına hesablanmış addım da ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Co Vilsonun Gürcüstan vəzifəsini tərk etmək ərəfəsində olan prezidenti Salome Zurabişvilini Donald Trampın andiçmə mərasiminə dəvət etməsini şərh edərkən deyib.
"Görünən odur ki, Vaşinqton da Avropa İttifaqı kimi bundan sonra Tiflislə münasibətləri kəsəcək. ABŞ və Aİ artıq tam aydındır ki, bundan sonra Gürcüstanda mövcud hakimyyətin zamanında Qərbə inteqrasiya istiqamətində hər hansı bir addım atmaq mümkünsüzdür. Bunun ardınca da proses Gürcüstana təzyiqlərin artması, əlaqələrin kəsilməsi istiqamətində gedəcək", deyə Əlimusa İbrahimov bildirib.
Həmöshbətimizə görə, belə vəziyyətdə Tiflisin Rusiyaya yaxınlaşmaqdan başqa çarəsi qalmayacaq:
"ABŞ adminstrasiyası da bu addımla Tiflisə Rusiyaya yaxınlaşmaq üçün səbəb verir. Nəticədə Tiflis də özünün Moskvaya yaxınlaşmasını Qərbin ona qarşı atdığı addımlarla əlaqələndirəcək".
Politoloq qeyd edir ki, Zurabişvilinin Trampın andiçmə mərasiminə dəvət olunması gürcü müxalifətinə heç bir üstünlük verməyəcək:
"Bu səfərin gücrü müxalifətinin mövqelərinin gücləndirilməsinə ciddi bir təsiri olmayacaq. ABŞ və Aİ ölkələri Gürcüstanda güclü təsirə malik olsaydılar "Gürcü Arzusu" hakimiyyətinin yenidən vəzifə başında qalmasının qarşısını alardılar. Bu günə qədər qarşısını ala bilməyiblərsə, deməli bundan sonra da Gürcüstana təsir etmək imkanları yoxdur. Düşünürəm ki, Qərb bu məsələdə hadisələri öz axarına buraxacaq. Onların indiki durumda zaman-zaman müxtəlif sanksiyalar tətbiq etməkdən başqa çıxış yolları yoxdur".
Əlimusa İbrahimovun fikrincə, Zurabişvilinin Vaşinqtona dəvət edilməsi onun Tiflisdə həbs olunmaqdan qaçması anlamı da daşıya bilər:
"Zurabişvili Vaşinqtona gedib qayıtmasa təbii ki, həbs olunma təhlükəsizndən xilas olacaq. Mövcud vəziyyətdə Zurabişvili ABŞ-a gedəcəksə və Gürcüstan hökuməti ölkədən çıxmasına şərait yaradacaqsa, onun geri qayıtmamaq ehtimalı daha böyükdür. Zurabaşvili bir müxalifət lideri kimi xaricdə fəaliyyət göstərəcək. Çünki ABŞ-a gedib geri qayıtması fonunda onun həbs olunma ehtimalı daha yüksəkdir".
Qeyd edək ki, ABŞ-nin Helsinki Komissiyasının sədri, konqresmen Co Vilson Gürcüstan prezidenti Salome Zurabişvilini Donald Trampın andiçmə mərasiminə dəvət edib. Konqresmen bu barədə X hesabında yazıb. O, Zurabişvilini Gürcüstanın yeganə qanuni lideri adlandırıb:
"Mən onun İvanişvili və onun dostları - Çin Kommunist Partiyası və İran rejiminin hücumları qarşısında göstərdiyi cəsarətə heyranam".
Xatırladaq ki, Zurabişvilinin Gürcüstan prezidenti kimi səlahiyyətləri dekabrın 29-da başa çatır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi isə daha sonra, yanvarın 20-də keçiriləcək.
Rüfət Sultan
Şərhlər