
“125-lər” Siyasət Klubu Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun əfv edilməsi ilə bağlı çağırışlara qoşulub.
“125-lər”in başqanı İlhamiyyə Rza “Yeni Müsavat”a açıqlamasında İdarə Heyətinin aprelin 28-də keçirilən toplantısında qərarın qəbul edildiyini deyib: “Yaqublular ailəsi çox ağır bir dönəmdən keçir. Ailənin yaşadığı faciə ailə başçısının evində olması zərirətini yaradıb. “125”lər Tofiq Yaqublunun azad edilməsi üçün dövlət başçısı İlham Əliyevə müraciət edilməsi təşəbbüsünü ilk gündən dəstəkləyib. Hesab etdik ki, belə bir humanist addımın atılmasına ciddi ehtiyac var”.
Tofiq Yaqublunun Rusiyada yaşayan övladı Azərbaycan gənclər hərəkatının fəallarından olan Nərgiz Yaqublu aprelin 23-də vəfat edib. Aprelin 25-də Tofiq Yaqublu qızının hüzr mərasimində iştirak etmək üçün 7 günlüyə azadlığa buraxılıb. Millət vəkilləri, insan haqları müdafiəçiləri, ictimai fəallar onun azadlığa buraxılması üçün dövlət başçısına müraciət edib. T.Yaqublu İsmayıllı hadisələrinə görə 5 illiyə azadlıqdan məhrum edilib. Onun adı siyasi məhbus siyahısındadır.
Qaynar.info