Xəbər lenti

2-ci kurs tələbəsi 50-dən çox şəhidin rəsmini çəkib (FOTO)
Foto 13:35 27.05.2023

2-ci kurs tələbəsi 50-dən çox şəhidin rəsmini çəkib (FOTO)

Bakı Slavyan Universitetinin Xarici dil Müəllimliyi fakültəsinin Fransız dili müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Səadət Əlizadə indiyədək 50-dən çox şəhidin rəsmini çəkib. Rəsmlər hazır olduqdan sonra Slavyan Universitetində şəhid ailələri ilə görüş təşkil edilir, tədbirin sonunda isə rəsmlər şəhidin ailə üzvlərinə təqdim edilir. 

Bakı Slavyan Universitetinin müəllimi, Fəlsəfə üzrə fəlsəfə doktoru Yaşar Əhmədov tələbəsi Səadətin çəkdiyi rəsmlərin şəhid ailələrinə çatdırılmasında, ailələrlə görüşün təşkil edilməsində öz dəstəyini əsirgəmir.

Bugün Bakı Slavyan Universitetində şəhid mayor Vüsal Vəliyevin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə universitetin rəhbərliyi, müəllim və tələbə kollektivi, İnkişfa və İslahatlara dəstək İB-nin sədri Ramil Əliyev və şəhid mayor Vüsal Vəliyevin qardaşı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslamoğlu) iştirak edib.

Tədbirdə Fəlsəfə üzrə fəlsəfə doktoru Yaşar Əhmədov çıxış edərək XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etməsi və ölkəmizə qarşı hərbi təcavüzə başlamasından, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsindən, 44 gün ərzində qəhrəmanlıq göstərən əsgər və zabitlərdən, eləcə də 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan mayor Vüsal Vəliyevdən danışmışdır. Daha sonra söz şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilmişdir. Şəhid mayor Vüsal Vəliyevin həyatı və döyüş yolundan danışan şəhid qardaşı görüş üçün BSU-nin rəhbərliyinə, müəllim və tələbə kollektivinə, Fəlsəfə üzrə fəlsəfə doktoru Yaşar Əhmədova xüsusi təşəkkür etmiş, onlara şəhid anası Mədinə xanımın salamlarını çatdırıb.

Tədbirin sonunda Səadət Əlizadə rəsmi şəhidin qardaşına təqdim edib.

Xatırladım ki, şəhid mayor Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Naxçıvan MR Şərur rayonunun Dizə kəndində anadan olub. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, "mayor” hərbi rütbəsinəcən yüksəlib. Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla "Vətən uğrunda” "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları və "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Qeyd edek ki, Mayor Vüsal Vəliyev nişanlı idi.//onder.tv

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->