Yaz aylarında belə hündürlüyü 20 metrə çatan Tateyama Qar Koridoru ziyarətçiləri sanki başqa bir planetə aparır. GPS ilə təchiz olunmuş buldozerlərin bir ay davam edən diqqətli işi sayəsində yaranan bu nəhəng tunellərin arxasında mühəndislik sirləri dayanır.
Qaynarinfo xəbər vberir verir ki, Alplar deyəndə çoxumuzun ağlına uçsuz-bucaqsız yaşıl vadilər, qarla örtülmüş zirvələr və panoramik qatar səyahətləri gəlir. Lakin Yaponiyanın Şimal Alplarında vəziyyət biraz fərqlidir. Burada turistlər, yazın ortasında belə 20 metr hündürlüyündə qar yığınlarını görmək üçün bölgəyə axın edirlər. Tateyama Qar Koridoru yalnız təbiətin bir hədiyyəsi deyil, həm də müasir texnologiyanın və qarla mübarizə komandalarının insanüstü səylərinin nəticəsidir.
Yaponiya, əslində dünyanın ən çox qar yağan ölkəsi olaraq tanınır. 100 min nəfərdən çox əhalisi olan şəhərlər arasında dünyanın qar rekordunu qıran yaşayış məntəqələrinin əksəriyyəti buradadır. Ölkə ərazisinin yarısından çoxu "sıx qar bölgəsi” elan edilib və dağlıq ərazilərdə illik qar qalınlığı bəzən 15 metrə çatır. Bu qədər böyük qar kütləsi ilə başa çıxmaq sadəcə adi qar təmizləmə maşınını işə salmaqla mümkün deyil: proses çox daha mürəkkəb və texnoloji bir əməliyyata çevrilir.
Texnoloji bir qazıma əməliyyatı
Tateyamada yolları açmaq üçün istifadə olunan metodlar demək olar ki, mədən qazmasına bənzəyir. Görüş məsafəsinin tamamilə itdiyi və mənzərənin tanınmaz hala gəldiyi bu ağ örtükdə yolun istiqamətini itirməmək üçün GPS və peyk telefonları ilə təchiz olunmuş xüsusi buldozerlər işə düşür. İlk xətt müəyyən edildikdən sonra, sənaye tipli nəhəng rotatif qar püskürtmə maşınları və digər iş maşınları səhnəyə çıxır. Təxminən bir ay davam edən bu diqqətli işin nəticəsində ziyarətçilərin üzərində yüksələn nəhəng qar divarları formalaşır.
Tateyama Kurobe Alp Marşrutu, Tokyodan təxminən üç saatlıq qatar səyahəti ilə çatmaq mümkündür və Aprel ortasından Noyabr sonuna qədər macəra axtaranlara açıqdır. Xüsusilə aprel və iyun ayları arasında ziyarətə açılan 23 kilometrlik qar koridoru, ziyarətçilərə bu nəhəng divarların arasında piyada gəzinti və ya avtobusla keçmək imkanı təqdim edir. Əgər izdihamdan qaçmaq və bir az daha isti havada bu mənzərəni seyr etmək istəyirsinizsə, mütəxəssislər iyun ayını gözləməyi tövsiyə edir. Bu dövrdə hava 10–15 dərəcə civarında olsa da, qarın günəşdən əks olunmasının təsirindən qorunmaq üçün günəş eynəyi və qoruyucu krem istifadə etmək həyati əhəmiyyət daşıyır.
Yaponiya qədər ekstremal olmasa da, oxşar mənzərələr dünyanın digər bölgələrində, məsələn Kaliforniyadakı Donner keçidi kimi yerlərdə də görülə bilər. Lakin Tateyamadakı qar divarları, həm hündürlüyü, həm də içindən keçən müasir nəqliyyat şəbəkəsi ilə dünyada bənzəri olmayan bir mühəndislik və təbiət möcüzəsi olaraq qalır.
Aydın
Şərhlər