Xəbər lenti

46 yaşında 55 dəfə abort: Həkim qadınlara xəbərdarlıq etdi
Sağlamlıq 14:14 17.07.2026

46 yaşında 55 dəfə abort: Həkim qadınlara xəbərdarlıq etdi

Azərbaycanda 46 yaşlı qadının 55 dəfə abort etdirməsi ilə bağlı yayılan məlumat cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan mama-ginekoloq Təranə Həsənova bildirib ki, bu cür hallar düşündüyümüzdən daha geniş yayılıb:

"Öz təcrübəmə əsasən deyə bilərəm ki, abortların sayı-hesabı yoxdur. Mən Klinik Tibbi Mərkəzdə çalışıram. Həkim olaraq hər xəstədən neçə dəfə  abort etdirdiyini soruşuruq və bunu tibbi sənədlərə qeyd edirik. Bəzən qadından soruşuruq: "Neçə dəfə abort etdirmisiniz?" Cavab verir ki, sayını itirmişəm. Deyirəm ki, təxminən 3-5 dəfə, yoxsa 10 dəfə? Cavab verir ki, nə 3, nə 10... Siz 40-50 abortdan danışın". Soruşuram hansı rəqəmi qeyd edim, deyir: "50-ni yazın".

Həkimin sözlərinə görə, çoxsaylı abort etdirən qadınların əksəriyyəti erkən yaşda ailə quranlardır:

"25 yaşlı bir xəstəm var idi. Dedi ki, 20 yaşımda doğmağı başa vurmuşam və bundan sonra uşaq dünyaya gətirməyəcəyəm. Üç uşaq anası idi. Düşündüm ki, hələ qarşıda uzun reproduktiv dövrü var və bu müddətdə çoxlu abort etdirmək riski yüksəkdir. Təəssüf ki, belə qadınların əksəriyyəti hamiləlikdən qorunma üsullarından istifadə etmir".



Təranə Həsənova bildirib ki, qadınları mümkün fəsadlar barədə mütəmadi məlumatlandırmağa çalışır:

"Onlara izah edirəm ki, abort sağlamlıq üçün ciddi risklər yaradır. Bəzən isə qadınlar oğlan övladı arzusu ilə öz həyatlarını təhlükəyə atırlar. Bu gecə növbədə olduğum zaman ağır qanaxma ilə bir qadın gətirilmişdi. Həkimlik fəaliyyətim ərzində belə qanaxma görməmişdim. İki qızı var idi və mütləq oğlan övladı dünyaya gətirmək istədiyi üçün yenidən hamilə qalmışdı. Qanaxma o qədər güclü idi ki, həm öz paltarları, həm də həyat yoldaşının geyimi qana bulaşmışdı. Ona dedim ki, evdə iki övladınız var, həyatınız təhlükədə olduğu halda bu hamiləlik niyə sizə lazım idi? Qadın ilk növbədə öz sağlamlığını və gələcəyini düşünməlidir. Abort yüngül tibbi müdaxilə deyil".

Xatırladaq ki, qanaxma şikayəti ilə tibb müəssisəsinə müraciət edən 46 yaşlı qadının tibbi tarixçəsi araşdırılarkən onun indiyədək 55 dəfə abort etdirdiyi müəyyən olunub. Məlumat sosial şəbəkələrdə geniş rezonans doğurub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->