Xəbər lenti

ABŞ-Çin münasibətlərində nə baş verir? (ŞƏRH)
Dünya 18:32 07.10.2025

ABŞ-Çin münasibətlərində nə baş verir? (ŞƏRH)

"Trampın Çin əleyhinə tədbirləri Pekinin ABŞ-a sərmayə qoymasına hesablanmış addımlardır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov müəyyən şərtlərin yerinə yetiriləcəyi təqdirdə, Çinin Amerika iqtisadiyyatına 1 trilyon dollara yaxın maliyyə yatırmaq istəyini şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ-Çin münasibətlərinin mahiyyəti iqtisadi əlaqələrdir, siyasi gərginliklər, Tayvan məsələsi, Çinin güc mərkəzi kimi meydana çıxması sadəcə iqtisadi maraqlar üçündür:

"Trampın Çinə qarşı addımlarının hamısı elə Çinin ABŞ-a sərmayə qoyması üzərindədir".
 


Ekspertə görə, Pekinin sözügedən təkliflə çıxış etməsi Çinin də artıq yola gəldiyinə işarə sayıla bilər:

"Çin iqtisadiyyatının böyük hissəsi ABŞ və Avropa İttifaqı ilə ticarət dövriyyəsi ilə əlaqəlidir. Bu mənada, Çinin ABŞ-ın əleyhinə çıxması əslində özünə zərbə vurmaq deməkdir. Bu baxımdan, ABŞ-a Çin sərmayəsinin artırılması istəyi əslində hər iki tərəf üçün məqbuldur".

Politoloq Əlimusa İbrahimov isə düşünür ki, bu təklifi Çinin ABŞ-a yaxınlaşmaq cəhdi kimi qiymətləndirmək olar:

"Eyni zamanda, təklif Pekinin öz maraqlarına da xidmət edən bir təklifdir. Çin maliyyə baxımdan  böyük resurslara malikdir. Ona görə də Amerika  iqtisadiyyatına 1 trilyon dollar investisiya qoymağı təklif edib. ABŞ-ın bu təklifi qəbul  edəcəyini isə sual altındadır. Çin Trampın iqtisadi məsələlərə həddən artıq həssas olduğunu başa düşür".
 
Həmsöhbətimiz Ağ Evin təklifi olduğu kimi qəbul edəcəyini düşünmür:

"Təklifin Trampı hansı dərəcədə razı salacağı məlum deyil. ABŞ-ın Pekinin təklifini olduğu kimi qəbul edəcəyi də şübhəlidir. Vaşinqton onu  birmənalı şəkildə rədd etməyə bilər, ancaq olduğu kimi qəbul da etməyəcək. Amma bununla belə həmin istiqamətdə müəyyən danışıqlar da aparıla bilər. Hətta sözügedən istiqamətdə müsbət addımlar atılsa da belə, bunun ABŞ-la Çin arasında mövcud olan gərginliyin birdəfəlik həllinə səbəb olacağını da zənn etmirəm".

Qeyd edək ki, ABŞ-la ticarət danışıqlarında Çin nümayəndəsi Amerika iqtisadiyyatına böyük məbləğdə, 1 trilyon dollarlıq maliyyə yatırmağı təklif edib. Amma bunun müqabilində müəyyən şərtlər tələb olunur. Şərtlərdən biri milli təhlükəsizlik səbəbi ilə son on ildə Çin  şirkətlərinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır. 

Xatırladaq ki, Çinlə ABŞ arasında rüsum tətbiqi məsələsi hələ öz həllini tam olaraq tapmayıb. Amma ABŞ-ın "TikTok" sosial şəbəkəsini Çindən  satın almasından sonra tərəflər arasında müəyyən yumşalmalar hiss olunur. Trampla telefon danışığı zamanı Çin lideri Sin Szinpin Çin şirkətlərinin Amerikaya investisiya yatırmaları üçün də anoloji şəraitin yaradılması vacibliyini tələb edib. 

Çin şirkətlərinin ABŞ-da  həyata keçirə biləcəyi əməliyyatlar üzrə milli təhlükəsizlik məhdudiyyətlərinin aradan qaldırılması da həmin şərtlərdən biridir. Pekin həmçinin ABŞ-da inşa edilən Çin zavodlarından öz ehtiyacları üçün idxal edəcəyi məhsullara tariflərin aşağı salınmasında israrlıdır. Bu əsasda da iddialara görə, şərtlər yerinə yetirilərsə, Çin ABŞ iqtisadiyyatına 1 trilyon dollarlıq investisiya yatıra bilər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->