ABŞ prezidenti Co Baydenin Ukraynaya yardım üçün 33 milyard dollarlıq lend-liz qanununu ilə bağlı Konqresə müraciətinin ardınca Nümayəndələr Palatası bu ölkəyə 39,8 milyard dollarlıq yardım paketini təsdiqləyib.
Xatırladaq ki, lend-liz qanunu İkinci Dünya Müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramıdır. 1941-ci il martın 11-də ABŞ prezidenti Franklin Delano Ruzvelt konqres tərəfindən qəbul edilmiş "Birləşmiş Ştatların müdafiəsinin təmin olunması haqqında” Qanunu imzaladı. Bu qanun prezidentə "müdafiəsini ABŞ üçün əhəmiyyətli” saydığı istənilən ölkəyə yardım etmək hüququ verirdi. Yardıma hərbi texnika, silah və sursat, ərzaq, strateji xammal, tibbi ləvazimatlar və dərmanlar daxil idi. Artıq martın 27-də lend-liz proqramı üçün 7 milyard dollar həcmində ilk vəsait ayrıldı. Lend-lizin aid edildiyi ilk ölkələr Böyük Britaniya və Çin oldu. SSRİ müharibəyə qoşulandan sonra ilk yardım karvanı Böyük Britaniyadan gəldi. İkinci Dünya Müharibəsinin ilk iki ili ərzində SSRİ-nin ərzaq ehtiyatları tükəndi. 1943-1944-cü illərdə kəskin çatışmazlıq səbəbindən ərzaq məhsullarının gətirilməsi üstünlük təşkil etməyə başlayır. 1944-cü ildə ABŞ-ın SSRİ-yə göndərdiyi 3,5 milyard dollarlıq yardımın 69%-ni (2,37 milyard) ərzaq və digər mülki təyinatlı məhsullar təşkil edirdi.
Bu dəfə ABŞ açıq şəkildə Ukraynaya dəstək verdiyini nümayiş etdirdi. Qeyd edək ki, bu yardım paketi Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirəcək və Rusiyaya qarşı mübarizədə Ukraynada əhəmiyyətli şəkildə kömək edəcək.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, lend-liz qanunu mayın sonu-iyunun əvvəllərində Ukraynaya geniş miqyaslı əks-hücum əməliyyatları keçirməyə imkan verəcək:
"İkinci Dünya Müharibəsinin taleyini SSRİ-nin xeyrinə məhz lend-liz həll etmişdi. 77 illik fasilədən sonra ABŞ yenidən belə bir qərar verir. Bu isə təbii ki, Rusiyaya yaxşı nheç nə vəd etmir. Çünki lend-lizin 30 milyard dollardan atrıq dəyəri olacaq ki, onun da 20 milyardı silahlara, xüsusən də hücum silahlarına aiddir. İndiyə kimi, Ukraynaya hücum silahları verilməyib, verilənlərin hamısı müdafiə silahları idi. Hücum silahları ağır aviasiya, ağır zirehli vasitələr, artileriya sistemləri, reaktiv yaylım atəşi silahlarının Kiyevə verilməsi mayın sonu-iyunun əvvəllərində Ukraynaya geniş miqyaslı əks-hücum əməliyyatları keçirməyə imkan verəcək. Görünən odur ki, sözügedən təchizat Ukraynanın potensialını artırmaqla Rusiyanın burada daha uzun müddət çabalamasına və hətta geri çəkiləcəyinə rəvac verəcək”.
Həmsöhbətimiz lend-lizə qarşı Kremlin hansısa addımlar ata biləcəyini düşünmür:
"Rusiyanın hazırkı potensialı bəyanatdan o tərəfə hansısa real addımlar atmağa imkan vermir. Xüsusilə də lend-lizi həyata keçirən ABŞ-a qarşı. Moskva özündən 10 dəfə zəif olan Ukraynaya indi bacara bilmirsə, özündən 15 dəfə güclü olan ABŞ-a qarşı heç bir potensial ortaya qoya bilməyəcək”.
Rüfət Sultan