ABŞ tərəfindən İrana qarşı təzyiqlər artmaqdadır. Belə ki, İran nüvə proqramı üzrə danışıqlar prosesinə qayıtmaqda elə də maraqlı görünmür. Prosesin gedişini nəzarətdə saxlayan ABŞ adminstrasiyası bu fonda bəyan edib ki, Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmaqdan imtina edərsə, Vaşinqtonun təzyiqi ilə üzləşəcək.
Bu fikirləri jurnalistlər üçün brifinq zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. "Bizim nöqteyi-nəzərimizdən İranın seçimi var: o, ya "əməl etməyə qarşı əməl etmə" prinsipi ilə BHFP-nin icrasına qayıda bilər, ya da ABŞ-ın artan təzyiqi və beynəlxalq ictimaiyyətdən artan təcridlə üzləşə bilər", deyə C.Sallivan bildirib.
Qeyd edək ki, Barak Obamanın hakimiyyətinin sonlarında İranın nüvə proqramından imtina etməsi ilə bağlı əldə edilən razılaşmaya Donald Trampın hakimiyyəti dövründə son qoyuldu. Nəticədə İran yenidən sanksiyalarla üz-üzə qaldı. Bu fonda da Tehran uranın zənginləşdirilməsinə qayıdacağını bəyan edərək, bu istiqamətdə müəyyən addımlar atıb. Lakin Co Baydenin hakimiyyətə gəlişindən sonra, Ağ Ev rəsmiləri tərəfindən əvvəlki razılaşmaya qayıtmaq məsələsi yenidən gündəmə gətirildi. Buna baxmayaraq, İran hələ ki, məsələyə müsbət cavab verməkdən yayınır.
Tehran əslində əvvəlki razılaşma ilə müqayisədə özü üçün bu dəfə daha əlverişli nəticələr əldə etməyi düşünür. Görünür, Vaşinqton da bunu bildiyindən, sanki İrana son xəbərdarlığı edirmiş kimi, davranaraq, nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmayacağı təqdirdə, Tehranın daha ciddi təzyiqlərə tuş gələcəyini bəyan edir.
Məsələ barədə Qaynarinfo-ya açıqlama verən politoloq Üzeyir Şəfiyevin fikrincə, İranı çəkindirmək üçün ona qarşı təhdidlər əsasən sosial və iqtisadi təzyiq müstəvisində güclənəcək:
"Belə bir vəziyyətdə İranı çəkindirmək üçün Qərbin ona qarşı iqtisadi sanksiyaları daha da sərtləşə bilər. Proses daha çox məhz iqtisadi sanksiyaların sərtləşdirilməsilə müşayiət olunacaq. İran güzəştlərə razı olmasa, Qərb Tehrana münasibətdə daxili təzyiq alətlərindən istifadə edəcək. Amerika analitikləri İrandakı narazı sosial bazanı hərəkətləndirmək və ölkənin siyasi elitasına təsir etmək istiqamətində müxtəlif addımları gündəmə gətirə bilərlər. Digər tərəfdən, İrana münasibətdə hərbi ritorika və hərbi təzyiq bir qədər güclənəcək. Amma bu o anlama gəlmir ki, ABŞ birbaşa İrana qarşı hansısa bir hərbi aksiya təşkil edəcək. Hərbi fonda aksiyalar İranın ölkə xaricindəki hərbi birləşmələrinə qarşı həyata keçirilə bilər. Unutmaq olmaz ki, İran nüvə proqramını reallaşdırmağa yaxın vəziyyətdədir. Son iki ildə uranın zənginləşdirilməsi istiqamətində bir sıra addımlar atıb. Ukrayna müharibəsi fonunda İrana qarşı sanksiyaların yumşaldılması məsələsi gündəmə gəldi. Lakin İran bu vəziyyətdən istifadə edib nüvə proqramı istiqamətində bir sıra irəliləmələrə nail oldu. Bu isə Qərbin diqqətindən yayınmadı”.
Həmsöhbətimiz bu qənaətdədir ki, ABŞ son xəbərdarlığı fonunda Tehran geri çəkilməyə məhkumdur:
"Ölkədə sosial baxımdan narazı təbəqələrin sayı artır. Onlardan İranın siyasi elitasına təzyiq aləti kimi istifadə edəcəklər. İqtisadi sanksiyalara gəldikdə, düşünürəm ki, hazırda Rusiyaya tətbiq olunan anoloji sanksiyaları İrana münasibətdə də gerçəkləşdirə bilərlər”.
Rüfət Sultan
Şərhlər