"Vaşinqtonun Ukraynanı tək buraxacağına, yardımları kəsəcəyinə inanmıram. Əksinə, ABŞ bundan sonra Kiyevə daha böyük hərbi və digər yardımlar edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ-ın Donald Trampın göstərişilə Ukraynaya verdiyi bütün hərbi yardımları dayandırmaq qərarına gəldiyini şərh edərkən deyib.
İbrahim Rüstəmli bildirib ki, Tramp-Zelenski görüşündə Amerika tərəfinin hərəkəti dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanıb:
"Tramp və onun yaxın ətrafının Zelenski ilə davranışı heç bir siyasi etikaya sığmır. Onlar dövlət başçısı ilə deyil, sanki öz vassalı, qulu ilə söhbət edirdilər. Bunu media qarşısında qəsdən etməklə Zelenskini alçaltmaq istəyirdilər. Əslində, Ukrayna-Rusiya müharibəsinin qızışmasında əsas aktor ABŞ-ın özü olub. Trampı isə milyonlarla insanın qaçqın düşməsi, xeyli insanın ölümü maraqlandırmır. Siyasətdə hər zaman maraqlar öndədir".
Ekspertə görə, ABŞ bütün hallarda Ukraynadan əlini çəkməyəcək:
"Birmənalı şəkildə deyə bilərəm ki, Vaşinqton bu ölkəyə yardımları əsirgəməyəcək. Ortada bəzi sirlər var. Amerikanın ən böyük yatırımı var, 350 milyard dollara yaxın vəsait köçürülüb. ABŞ Kiyevi Rusiyanın caynağına versə, 350 milyard da bata bilər. Bu məsələdə Vaşinqtonun Ukraynanı tək buraxacağına, yardımları kəsəcəyinə inanmıram. Əksinə, düşünürəm ki, Amerika bundan sonra Kiyevə daha böyük yardımlar edəcək".
Həmsöhbətimizin fikrincə, sadəcə olaraq, Trampın bu açıqlamaları Avropa ölkələrini silkələməyə hesablanıb:
"Bununla Tramp onları da prosesdə Amerikadan da yaxın olmağa, yatmamağa səsləyir. Amma eyni zamanda, burada Avropa dövlətlərinə ciddi mesajlar verilir ki, Ukraynaya əsas yardımı "köhnə dünya" etməlidir. Avropa ölkələrinin isə nə ordusu, nə də parası var".
Qeyd edək ki, mətbuatın yazdığına görə, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında bütün dünyada gündəm olan tarixi dava Ukraynaya baha başa gəlib. Belə ki, ABŞ Trampın göstərişi ilə Ukraynaya verdiyi bütün hərbi yardımı dayandırmaq qərarına gəlib. Ağ Evdən verilən açıqlamada sözügedən qərarın Ukraynaya yardımların tam dayandırılması demək olmadığı və prosesin izlənəcəyi bildirilib.
Rüfət Sultan
Şərhlər