Xəbər lenti

ABŞ Zelenskiyə Vaşinqtona səfəri zamanı sui-qəsd cəhdindən ehtiyat edirmiş
Dünya 11:42 22.12.2022

ABŞ Zelenskiyə Vaşinqtona səfəri zamanı sui-qəsd cəhdindən ehtiyat edirmiş

ABŞ Volodimir Zelenskinin səfəri zamanı təhlükəsizlik tədbirlərini gücləndirib. Birləşmiş Ştatların hakimiyyəti Rusiyanın Ukrayna prezidentinə sui-qəsd cəhdi edə biləcəyindən ehtiyat edirdi.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN Ukrayna liderinə yaxın mənbəyə istinadən yazır.

Mənbə bildirib ki, sui-qəsd cəhdi riskləri səbəbindən Zelenskinin Vaşinqtona səfəri son ana qədər gizli saxlanılıb. Yüksək rütbəli dövlət məmurlarına, eləcə də Ukrayna səfirliyinin əməkdaşlarına prezidentin ABŞ-a səfəri barədə məlumat verilməyib.

Mənbənin CNN-ə verdiyi məlumata görə, Ukrayna prezidentinə ABŞ-a qısamüddətli səfər etmək üçün hakimiyyət bütün mümkün riskləri, o cümlədən ölkədə hərbi vəziyyətin mümkün təhlükəsini hesablayıb. O əlavə edib ki, Zelenskinin qrafiki Ağ Evlə razılaşdırılıb.

Zelenski Ukraynada müharibə başlayandan bəri ilk dəfə ölkəni tərk edib. Mənbə bildirib ki, o, səfərinin real fayda gətirəcəyinə zəmanət almadan ABŞ-a getmək istəməyib. Zelenski yalnız Bayden administrasiyası Ukraynaya yeni müdafiə yardımı paketi göndərmək planlarını təsdiqlədikdən sonra razılaşıb.
Zelenskinin gəlişindən əvvəl ABŞ Dövlət Departamenti Ağ Ev və Pentaqonun Ukraynaya 1,85 milyard dollar dəyərində hərbi yardım göndərəcəyini açıqlayıb. Paketə müasir "Patriot” raketdən müdafiə sistemləri daxil olacaq. CNN mənbəsinin sözlərinə görə, Zelenski bunu iki müttəfiq arasında münasibətlərdə böyük dəyişiklik kimi qiymətləndirib.

Xatırladaq ki, Volodimir Zelenskinin təyyarəsi dekabrın 21-i axşam saatlarında Vaşinqtonda eniş edib. O, Ağ Evdə Baydenlə görüşüb. ABŞ prezidenti Zelenski ilə söhbətində bildirib ki, Birləşmiş Ştatlar Ukrayna üçün "ədalətli sülh” əldə etmək istəyirlər. Onun sözlərinə görə, bu müharibədə ukraynalılar "bütün dünyanı ruhlandırır”. Bayden "Ukraynanın böyük xalqını” dəstəkləməyə davam edəcəyinə söz verib.

Zelenski cavab verib ki, o, ABŞ-ın dəstəyini bütün qəlbi ilə "qiymətləndirir”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->