Xəbər lenti

Aİ ilə çoxtərəfli əlaqələr Azərbaycana nə üçün lazımdır?
Siyasət07:44 11.03.2021

Aİ ilə çoxtərəfli əlaqələr Azərbaycana nə üçün lazımdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Çox güman ki, son günlərin ən diqqət çəkən siyasi hadisəsi hakim partiyanın ötən həftənin sonlarında baş tutan qurultayı oldu. Bu tədbirdə  ən yadda qalan detal isə ölkə prezidentinin çıxışı idi.
Biz çıxışın bütün detalları və ya özəllikləri üzərində dayannmaq niyyətində deyilik, məqsədimiz onun yalnız Avropa İttifaqı (Aİ) ilə əlaqələrə həsr olunmuş hissələrini analiz etməkdir. Prezident bir daha qeyd etdi ki, gələcək sazişin böyük hissəsi – 90 faizi razılaşdırılıb və onun imzalanmasını yalnız pandemiya ləngitdi və pandemiya başa çatan kimi müzakirələr yenə də bərpa olunacaq.
Prezident ayrı-ayrı Avropa ölkələrilə əlaqələr üzərində də çox ətraflı şəkildə dayandı. 
Onun sözlərinə görə, Azərbaycan hazırda doqquz Avropa ölkəsilə strateji sazişlər imzalayıb. Odur ki, diqqətli oxucu bizdən dərhal soruşa bilər ki, əgər bizim ayrı-ayrı Avropa ölkələrilə strateji sazişlərimiz varsa, Avropa İttifaqı ilə də ayrıca əlaqələr qurmağa ehtiyac varmı?..
Oxucumuzun narahatlığını bölüşürük. Həqiqətən də indi çox həssas məqamdır, belə ki, Rusiya ilə Dağlıq Qarabağ məsələsində biri-birimizi indi-indi başa düşməyə başlayırıq və aydındır ki, Avropa İttifaqı ilə saziş imzalamağmız Kremlin neqativ reaksiyasına səbəb ola bilər.
Bir daha qeyd edirik ki, ümumilikdə götürdükdə, oxucumuz haqlıdır. Di gəl, burada bəzi incəliklər var.
Təkrar xatırladaq ki, Aİ Özbəkistan ilə də saziş üzərində çalışır və istisana deyil ki, Daşkənd yaxın zamanlarda Mərkəzi Asiya ölkələrinin arasında Aİ ilə saziş imzalamış ilk ölkə olacaq.
İkincisi, Avropa ölkələrilə ikitərəfli sazişlər çox vacibdir, amma riyaziyyatda deyildiyi kimi, bu zəruridir, amma kafi deyil. Belə əlaqələr adətən iqtisadi xarakterli olur, bəzi hallarda isə, təhlükəsizlik məsələlərini əhatə edir. Çoxtərəfli əlaqələr isə köklü siyasi və iqtisadi islahatları planlayır. Aİ ilə əlaqələr həm də bu aspektdən çox vacibdir. 
Əlbəttə, rəsmi Bakı bəyan edəndə ki, heç kimin təlimatlarına ehtiyac duymuruq, ən azı formal baxımdan haqlı görünür. Amma demokratiya, hüquq dövləti və bazar iqtisadiyyatı kimi anlayışlar universaldır, ona görə də bu cür parametrlərin Aİ-nın parametrləri ilə uyğunlaşdırılması heç də izafi və gərəksiz məşğuliyyət deyil. Təcrübə də göstərir ki, Aİ ilə normal əlaqələrin qurulması dövlətlərin iqtisadi həyatının dirçəlməsinə, belə ölkələrin daha da demokratikləşməsinə səbəb olur.
Uzağa getməyək, qardaş Türkiyəni götürək. Bu ölkə Aİ sıralarına qəbul olunmasa da, onun üzv olmaq üçün apardığı siyasi və iqtisadi öhdəliklər son nəticədə Türkiyənin siyasi və iqtisadi iqliminin yaxşılamasına səbəb oldu.
Əgər burada söhbət Türkiyədən düşdüsə, xatırladaq ki, avrointeqrasiyanın lap ilk illərində Ankaraya prosesin bazis ölkələrindən biri olmaq təklif olunmuşdu, amma o vaxtki hakimiyyət bu təklifi dəyərləndirə bilməmiş və nəticədə mühüm bir şans əldən verilmişdi.
Hazırda Türkiyədən fərqli olaraq Aİ bizi onunla çox sıx əlaqələr qurmağa dəvət edir. İnanın ki, bu, heç də həmişə belə olmayacaq, bir gün gələcək ki, biz tərəfdaş ölkədən Aİ-nin "qara siyahı”sına adlayacağıq. 
Bəs niyə tarixi fürsətdən faydalanmayaq? Heç kim demir ki, inkişaf və tərəqqi yalnız Avropa hüdudlarında mövcuddur. Yox, indi Yaponiya, Çin və Cənubi Koreya kimi Asiya, Malayziya, İndoneziya və Sinqapur kimi cənub-şərqi Asiya ölkələri elə iqtisadi göstəricilər nümayiş etdirir ki, adam təəccübünü gizlədə bilmir. Amma bu ölkələrin ümümi bir qüsuru var: onların demokratik durumu iqtisadi yüksəlişlərindən çox-çox geri qalır. Odur ki, əgər Aİ-nin təlimatları siyasi və iqtisadi iqlimin tamam yenilənməsinə təkan verərsə, onları qəbul etmək mütləq vacibdir, çünki təcrübə də göstərir ki, ilk növbədə o ölkələr inkişaf edir ki, onlar praqmatik siyasət yürüdürlər...