Xəbər lenti

Alim Qasımova nə olub? -
Sənət 14:06 07.02.2025

Alim Qasımova nə olub? - "Yaşlaşandan sonra adam buynuz da çıxara bilər”

Xalq artisti Alim Qasımov səhhətində yaranmış problemlə bağlı mətbuatda və sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib. 

Xanəndə Qaynarinfo-ya haqqında yayılan məlumatların şaiyə olduğunu qeyd edib.

"Hər şey əladır. Bir tədbirdən dəvət gəlmişdi, dedim səhhətimdə problem var, gələ bilməyəcəm və s. Bundan sonra haqqımda belə məlumat yayılıb, amma nahaq. İnsanları narahat etmək olmaz. Bilirsiniz nə qədər zəng gəlir telefona, hamı səhhətimdə yaranmış problemlə bağlı maraqlanır. Deyirəm ki, sağ-salamatam. Adam xəstələnər də, idarə etdiyimiz avtomobillər də "naxoş"layır. Yaşlaşandan sonra adam buynuz da çıxara bilər", deyə Xalq artisti bildirib.

Alim Qasımov ondan ötrü narahat olan bütün dostlara salam göndərib. "Allaha şükür ki, salamatçılıqdır" deyən sənətkar şaiyələrə son qoymaq məqsədi ilə telefonda canlı muğam parçası səsləndirib.

Qeyd edək ki, Xalq artisti Alim Qasımovun səhhətində problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb. Məlumatda sənətkarın  ayağında şiş olduğu bildirilib. 

Bahar Rüstəmli




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->