Xəbər lenti

Almaniya hökumətində Rusiya qalmaqalı
Siyasət16:28 10.10.2022

Almaniya hökumətində Rusiya qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın daxili işlər naziri Nensi Fezer Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin (BSI) prezidenti Arne Şönbomu əvəzləmək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə bir sıra alman mətbuatı yazır. 
Səbəb onun Rusiya xüsusi xidmət orqanlarından olan şəxslərlə mümkün əlaqələri olub.
Daxili İşlər Nazirliyi mətbuatda yazılanlara reaksiya verərək bildirib ki, yayılan məlumatı "ciddi” qəbul edir və "hərtərəfli araşdırma aparır”.
2012-ci ildə Şönbom "Cyber-Sicherheitsrat Deutschland” assosiasiyasını yaradıb və 2016-cı ilə qədər onun prezidenti olub. 
"Handelsblatt” qəzeti qeyd edir ki,  onun adı ölkənin Milli Kibertəhlükəsizlik Şurası ilə demək olar ki, eynidir. Qəzet qeyd edir ki, o, cybersicherheitsrat.de internet ünvanını qeydiyyatdan keçirib, yəni qəsdən özünə psevdo-rəsmi görünüş verib.
Bu arada, ZDF telekanalının araşdırmasına görə, "Cyber-Sicherheitsrat Deutschland”a daxil olan şirkətlərdən biri Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə ola bilər - onun təsisçisi keçmiş KQB zabiti olub.
Şönbom BSI işçilərinə bu assosiasiyanın fəaliyyətində iştirak etməyi qadağan edib (hökumət ona bir neçə dəfə ondan uzaq durmağı məsləhət görüb). Ancaq "Twitter"dəki fotoşəkillərə görə, bir ay əvvəl özü onun yubiley tədbirində iştirak edib və orada çıxış edib, deyə "Bild" yazır. 
Onun sözlərinə görə, indi alman təhlükəsizlik orqanları assosiasiya ilə bağlı "hər dırma-deşiyə giriblər”.
Bu hadisələrə görə nazir Fezer Şönbomu BSI-nin prezidentliyindən uzaqlaşdırmaq istəyir. Bu barədə "Bild", "Handelsblatt" və "Der Spiegel" xəbər verir.
Digər məsələlərlə yanaşı, "Cyber-Sicherheitsrat Deutschland” Berlində yerləşən kibertəhlükəsizlik şirkəti "Protelion”un (martın sonuna qədər Infotecs GmbH adı altında fəaliyyət göstərib) üzvlüyünə görə tənqid edilib. Bu barədə "Handelsblatt" yazır. 
Bu, informasiya təhlükəsizliyi sahəsində Rusiyanın ən böyük şirkətlərindən biri olan "Infotex"in törəmə şirkətidir. 
"Infotex” 1991-ci ildə əvvəllər KQB-nin tədqiqat bölməsində çalışmış Andrey Çapçayevin rəhbərlik etdiyi bir qrup informasiya təhlükəsizliyi üzrə mütəxəssis tərəfindən yaradılıb. O, həm də şirkətin baş direktorudur.
Assosiasiyanın prezidenti Hans-Vilhelm Dünn Rusiyanın hər hansı təsiri barədə iddialarını absurd adlandırıb, çünki nə "Cyber-Sicherheitsrat Deutschland”, nə də BSI "Protelion”un Rusiya kəşfiyyat xidmətləri ilə mümkün əlaqələri haqqında məlumatlı olmayıblar. Lakin Dünnun özü də bu cür əlaqələrdə şübhəli bilinir. 
"Handelsblatt" qeyd edir ki, Dünn hələ 2019-cu ildə keçmiş yüksək rütbəli Rusiya kəşfiyyatçısı ilə informasiya təhlükəsizliyi sahəsində memorandum imzalayıb.
Nizami Bağırov