Dünya 23:25 15.03.2023

Ankara Hayfada erməni “soyqırım qurbanlarına” abidə qoyulmamasını tələb etdi

Türkiyənin İsraildəki səfiri ölkə hökumətindən Hayfada Osmanlı İmperiyasında erməni soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmasını qadağan etməyi tələb edib. 

Qaynarinfo Suptnik-ə istinadla xəbər verir ki, İsrail mətbuatında yer alan bu məlumatı "İsrail-Ermənistan” beynəlxalq ictimai forumunun həmsədri Aleksandr Tsinker də təsdiqləyib.

Bildirilir ki, İsrailin Hayfa şəhərinin şəhər şurası şəhərin mərkəzi meydanlarından birində "erməni soyqırımı” qurbanlarının xatirəsinə abidə ucaltmaq qərarına gəlib. İsrailin Ynet agentliyi yazır ki, Türkiyədə bu, mənfi reaksiyaya səbəb olub.

Mətbuatda yayılan məlumata görə, Türkiyə səfiri Şakir Özkan Torunlar İsrailin mədəniyyət və idman naziri Miki Zohara rəsmi məktub yazıb və abidə ucaldılması təşəbbüsünün qarşısının alınması üçün kömək istəyib. Nazir cavab verməkdən yayınıb və diplomatın müraciətini Xarici İşlər Nazirliyinə göndərib.
Bildirilir ki, İsrail Xarici İşlər Nazirliyinin rəhbərliyi memorial məsələsi ilə bağlı məsləhətləşmələr aparıb. Torunların məktubunun cavabsız qalması tövsiyə olunub. Türkiyə tərəfi tədbir görməkdə israr edərsə, Ankaraya izah ediləcək ki, bu, İsrail hökumətinin və ya dövlət qurumunun deyil, yerli hakimiyyət orqanlarının qərarıdır - İsraildə yerli hökumətlərə geniş səlahiyyətlər və muxtariyyət verilir.

Xatırladaq ki, artıq İsrailin Petah Tikva şəhərində 2020-ci ildə qondarma Erməni Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
 
Alpər